Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirir.
ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, reydlər zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir.
Gizli yollarla, oğurluq və hiyləgərliklə təşkil olunan bu cür halların qarşısını almaq məqsədilə nazirlik tərəfindən respublika ərazisinin müəyyən istiqamətlərində postlar qurulub.
27 fevral 2018-ci il tarixində Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti belə bir əməlin qarşısı alınıb. Gecə saat 23:30 radələrində Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fısdıq cinsindən olan 2,5 kub metr həcmində 372,67 manat nırx dəyərində meşə materialı aşkar edilib.
Faktla bağlı toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.