“Ötən gün dənizdə batmış uşaqların axtarışını əlverişsiz hava şəraiti ilə əlaqədar hazırda yalnız hidrosikl vasitəsilə davam etdirmək mümkündür”.
Bunu Teleqraf.com-a açıqlamasında hadisə yerində olan Dövlət Sulardan Xilasetmə Xidmətinin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov deyib. DSXX-nin şöbə müdirinin sözlərinə görə, hadisə baş verən ərazi qeyri-çimərlik ərazisidir.
Avqustun 6-da Şüvəlan çimərliyində iki ailədən 5 uşaq batıb. 2000-ci il təvəllüdlü Aydan Fərziyeva, 2001-ci il təvəllüdlü Hüseyn Fərziyev, 2004-cü il təvəllüdlü Kamalə Rəcəbova, onun iki qardaşı 2006-cı il təvəllüdlü Elgün Rəcəbov, 2008-ci il təvəllüdlü Fariz Məmmədli dənizdə çimərkən boğulublar. Onlardan Aydan və Hüseyn Fərziyevlərin, eləcə dəElgün Rəcəbovun cəsədi tapılıb.
Günorta saatlarında daha bir uşağın – Kəmalə Rəcəbovanın meyitini sudan çıxarmaq mümkün olub.
Elsevər Həsənovun sözlərinə görə, 6 avqust saat 20:10-da Dövlət Sulardan Xilasetmə Xidmətinin növbətçi hissəsinə bədbəxt hadisə ilə bağlı məlumat daxil olub: “Dərhal Bakı dalğıc axtarış qrupunun və əraziyə yaxınlıqda yerləşən Mərdəkan, Buzovna xilasetmə məntəqələrinin şəxsi heyəti və 2 hidrosikl nəqliyyat vasitəsi axtarış işlərinə cəlb edilib. Bu ərazi xidmətin ən yaxınlıqdakı sulardan xilasetmə məntəqəsindən 6 min metr sağda yerləşir.
Hazırda meyitləri yalnız hidrosikl vasitəsilə axtarışı aparılır. Həmçinin sahilboyu ərazidə xilasedicilərdən ibarət patrul xidməti təşkil edilib. Dünən məlumat daxil olandan səhərə qədər bizim əməkdaşlar orada axtarış işlərin davam etdiriblər. Hazırda suda olan 1 nəfərin axtarışı davam etdirilir”.
Anar