14 Mart 08:47

Xaçmaz rayonunda gəlinini yaba ilə öldürən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rəmziyyə Abdurrəhmanova bir neçə il əvvəl Xaçmaz rayon Məhkəməsinin qərarı ilə Elsevər Adıgözəlovdan boşanıb. O, məhkəmə qərarı ilə qayınatasına məxsus Uzunoba kəndində olan evdə yaşayıb.

Hadisə baş verən günü, yəni 21 iyul 2016-cı il saat 22 radələrində qayınata Məlikməmməd Adıgözəlov sərxoş vəziyyətdə evə gəlib və əlində yaba heyvanları yemləməyə başlayıb.

Bu zaman Rəmziyyə azyaşlı oğlu Muradla birgə taksi maşını ilə həyətin darvazasının ağzına gəlib. O, darvazanın qapısını bərkdən döyüb.

Məlikməmməd əlində yaba darvazasını açmağa gedən zaman Rəmziyyə qapını gec açdığına görə qayınatasının ünvanına alçaldıcı ifadələr işlədib. Məlikməmməd darvazanın qapısını açaraq Rəmziyyədən nə üçün nalayiq sözlər işlətməsinin səbəbini soruşub.

Qadın şərəf və ləyaqəti alçaldan təhqiramiz ifadələr söyləməkdə davam edib.

Hamı onun “əxlaq”ından danışırdı

Məlikməmməd Rəmziyyənin oğlundan boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməsi ilə ailəsinin nüfuzuna xələl gətirməsi qənaətində olub. Qəzəblənmiş yaşlı kişi qisas almaq məqsədi ilə Rəmziyyəni öldürmək qərarına gəlib.

Məlikməmməd azyaşlı oğlu Murad Adıgözəlovun gözləri qarşısında gəlininə yaba ilə zərbə vurub. Qadın yerə yıxılıb, sonra ayağa qalxaraq onu söyə-söyə darvazadan çölə çıxıb qaçmaq istəyib.

Bu zaman Məlikməmməd qadının arxasınca qaçaraq küçədə ona çatıb, gəlinin başına ikinci dəfə zərbə endirib. Qadın yenə də ayağa qalxıb, təxminən 60 metr qaçdıqdan sonra qayınatası bu dəfə də ona çatıb. Yaba ilə onun baş nahiyəsinə təkrar ardıcıl zərbələr vuraraq, onu öldürüb.

Üç övladı dünyaya gəlib

Məlikməmməd Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlikməmməd Adıgözəlov irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Uzunoba kəndindəki evində arvadı Nərminə, oğlu Elsevər, gəlini Samirə Əhəd və azyaşlı nəvələri ilə birgə yaşayıb:

“Mərhum gəlinim Rəmziyyə də bizimlə birgə yaşayırdı. Oğlum Elsevər 2001-ci ildə Rəmziyyə ilə evləndi və onların üç övladı - İlkanə, Rəqsanə, və Murad dünyaya gəldi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəmziyyə əxlaqsız hərəkətlərə yol verdiyi üçün Elsevərlə aralarında münaqişə başlayıb: “2009-cu ildə Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə yaxın münasibətdə olduğu zaman tutdu, buna görə də onunla boşandı. Boşanmadan sonra Xaçmaz rayon Məhkəməsi Rəmziyyəyə uşaqlarının körpə olması ilə əlaqədar evimdə yaşamaq üçün otaq ayrılmasına qərar verdi. Rəmziyyə evimdə ayrıca otaqda yaşamağa başladı. O, əxlaqsız hərəkətlərdən əl çəkmədi, əksinə daha sərbəst şəkildə hər gün başqa kişilərlə görüşmək üçün evdən çıxır, gecə saatlarında evə qayıdırdı”.

Məlikməmməd Adıgözəlov qeyd edib ki, dəfələrlə Rəmziyyəni pis yoldan çəkindirməyə çalışıb:

“Ancaq o, “əcəb eləyirəm” dedi. Rəmziyyənin pozğun həyat tərzi sürməsi artıq bütün kəndə yayılmışdı. Uşaqları məktəbə gedəndə məktəbdəki şagirdlər onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər”.

Evində fahişə saxlayan, tez ol aç qapını

Təqsirləndirilən şəxsin ifadəsinə görə, oğlu Elsevər Rəmziyyə fahişəlik etdiyi üçün bir neçə dəfə Xaçmaz rayon polis şöbəsinə ərizə ilə müraciət edib və tədbir görülməsini istəyib:

“Ancaq nəticəsi olmadı. İyulun 21-də Rəmziyyə və Elsevər mülki mübahisə ilə əlaqədar Xaçmaz rayon Məhkəməsinə getdilər. Saat 15 radələrində Elsevər, saat 22 radələrində isə Rəmziyyə taksi ilə evə qayıtdı. Rəmziyyə evin darvazasını çöl tərəfdən bərkdən döyməyə başladı. Mən həmin vaxt yaba ilə mal-qaraya ot qoyurdum.

Əlimdə yaba darvazanı açmağa gedəndə Rəmziyyə darvazanı çöl tərəfdən zorla itələməyə başladı. Uca səslə ona “dayan, qapını açıram” dedim. Rəmziyyə darvazanın arxasından mənə “evində fahişə saxlayan, tez ol aç qapını”, - deyirdi.

Darvazanı açıb Rəmziyyədən nə üçün məni söydüyünü soruşdum. O, yenə də məni təhqir edərək: “Sən fahişə saxlayansan... Beləsən-eləsən”, – deyə təhqiramiz ifadələr işlətdi. Rəmziyyənin bu söyüşlərindən qəzəblənərək əlimdəki yaba ilə bir dəfə yuxarıdan-aşağı istiqamətdə onun baş nahiyəsindən vurdum.

Rəmziyyə zərbədən arxaya büdrəyərək dəmir çəpərə söykəndi və oradan qaçaraq söyə-söyə darvazadan çölə çıxdı”.

Törətdiyim cinayəti etiraf etdim

Məlikməmməd Adıgözəlov bildirib ki, Rəmziyyənin arxasınca qaçaraq evin qarşısındakı küçədə yaba ilə ikinci dəfə onun başına vurub: “Rəmziyyə yenə qaçmağa davam etdi. İşıq dirəyinin altına ona çatıb üçüncü dəfə yaba ilə baş nahiyəsindən vurdum. Sonuncu zərbədə əlimdəki yaba iki bölündü. Rəmziyyə isə yerə yıxıldı. Yabanı yerə atdım, iki əlimlə boyun nahiyəsindən tutaraq onu boğmağa başladım. Sonda hərəkət etmədiyini görüb onu buraxdım.

Evə qayıdıb əynimdəki qana bulaşmış köynəyi, şalvarı və bir cüt çəkələyi soyunaraq başqa paltar geyindim. Əl-qolumu yudum, yenidən küçəyə çıxdım. Qonşular artıq sahə müvəkkilinə xəbər vermişdilər.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Törətdiyim cinayəti etiraf etdim”.

Evin bir küncündə ona bir otaq ayırmışdılar

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Qabil Abdurrəhmanov bildirib ki, mərhum Rəmziyyə qızıdır.

Onun sözlərinə görə, 2001-ci ildə Rəmziyyə Xaçmaz rayonunun Uzunoba kənd sakini Elsevər Adıgözəlovla ailə qurub, həmin evlilikdən onların 3 övladları olub:

“İlk dövrlərdə yaxşı münasibətdə olsalar da, 2009-cu ildən aralarında söz-söhbət başladı. Elsevər Xaçmaz rayon Məhkəməsinə boşanma ərizəsi verdi.

Boşanmadan sonra 3 azyaşlı uşağa kimin baxacağı məsələsi ortaya çıxdı. Məhkəmə qərara gəldi ki, 3 uşağın qayğısına qalmaq üçün Rəmziyyəyə həmin evdə yaşayış üçün yer ayrılsın. Buna oğlan tərəfi də etiraz etmədi. Evin bir küncündə Rəmziyyə və uşaqlarına bir otaq ayrıldı”.

Evdəki dava polisə qədər gedib çıxdı

Qabil Abdurrəhmanov qeyd edib ki, bundan sonra Elsevər işləmək üçün Rusiyaya gedib, oradan qayıdanda özü ilə Samirə adlı arvad gətirib. Təzə gəlin də həmin evdə məskunlaşıb. Bundan sonra Rəmziyyə ilə Elsevərin arasında münaqişələr başlayıb:

“2013-cü ildə Samirə, Nərminə və Elsevər Rəmziyyəni evdə təkləyərək döyüb, əl barmağını sındırıb. Bununla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılıb və Xaçmaz rayon Məhkəməsi Elsevər və Nərminəyə cərimə cəzası təyin edib.

Bir müddət Rəmziyyə ilə ailənin arasında münasibət normallaşıb, dava-dalaş olmayıb.

2016-cı ilin yanvar ayında Rəmziyyə bizə qonaq gələn zaman əlinin gipsdə olduğunu gördüm, ondan nə baş verdiyini soruşdum. Qızım evdə paltar asarkən buzlu yerdə sürüşərək barmağını sındırdığını söylədi.

Lakin Rəmziyyənin uşaqları həmin günü onun Samirə ilə dava elədiyini bildirdilər”.

Dedi, sən evə gələrsən...

Qabil Abdurrəhmanovun sözlərinə görə, Elsevər aylarla aliment ödəmədiyi üçün 2016-cı il iyunun ortalarında Rəmziyyə məhkəməyə şikayət ərizəsi verib:

“Elsevər də məhkəməyə ərizə ilə müraciət edərək alimentin dayandırılmasını xahiş etdi, Rəmziyyədən də könüllü olaraq alimentdən imtina ərizəsi yazmağı tələb elədi. Rəmziyə buna razı olmadı. İyulun 21-də, saat 12.00-da Rəmziyyənin ərizəsi üzrə Xaçmaz rayon Məhkəməsində işə baxıldı, həmin baxışda Elsevərlə Rəmziyyə də iştirak edirdi. Məhkəmə alimentin ödənilməsi haqqında Rəmziyyənin xeyrinə qərar çıxardı.

Məhkəmə prosesindən sonra Elsevər Rəmziyyəni hədələyərək “sən indi evə gələrsən, görərsən başına nə oyun açacağam”, ifadələrini işlədib. Bundan sonra Rəmziyyə oğlu Muradla birgə taksi ilə Xaçmaz şəhərində yaşayan bacısı Nazirənin evinə gedib.

Həmin gün saat 21 radələrində arvadımla birlikdə qızım Nazirəgilə qonaq getdim. Ora çatanda Nazirə bizim gəlişimizdən az əvvəl Rəmziyyə ilə Muradı yola saldığını, qohumumuz Tacəddin Qurbanovun avtomaşını ilə evlərinə getdiyini dedi”.

Hüquqi varisin ifadəsinə görə, növbəti gün qızının keçmiş qayınatası Məlikməmməd Adıgözəlov tərəfindən qətlə yetirildiyini öyrənib: “Rəmziyyənin meyitini meyitxanadan təhvil aldıqdan sonra onu Xaçmaz rayonu, Nərəcan qəbiristanlığında dəfn etdik. Rəmziyyə Elsevərdən övladlarının saxlanılması üçün aliment tələb etdiyi və məhkəmənin onun xeyrinə qərar çıxardığı üçün öldürülüb”.

Anam, deyəsən, spirtli içki içmişdi

Cinayət işi üzrə şahid qismində ifadə verən azyaşlı Murad Adıgözəlov bildirib ki, iyulun 21-də saat 8 radələrində anası Rəmziyyə ilə evdən çıxaraq xalası Nazirəgilə qonaq gedib, saat 12 radələrində anası ilə birlikdə Xaçmaz rayon Məhkəməsində olublar:

“Hakim anamın xeyrinə qərar çıxardıqdan sonra məhkəmənin qarısında dayanan Quba rayon sakini Emin adlı şəxsin “Mersedes” markalı avtomaşınına əyləşdik. Emin maşını Quba-Xaçmaz yolunda yerləşən bir otelə sürdü. Orada otağa girib çay içdik. Sonra Emin öz mobil telefonundakı oyunu qoyaraq telefonu mənə verdi və dedi ki, get maşında oyun oyna, biz də gəlirik.

Mən maşına gedərək həmin telefondakı oyunu oynamağa başladım. Yarım saatdan sonra anam və Emin oteldəki otaqdan çıxaraq maşına gəldilər. Anam otaqdan çıxan zaman güclə yeriyirdi, deyəsən, spirtli içki içmişdi. Emin maşında anama 20 manat verdi”.

Mən evə mahnı ilə girmək istəyirəm

Murad Adıgözəlovun ifadəsinə görə, bundan sonra təxminən saat 14 radələrində Emin onları xalası gilə aparıb:

“Saat 21 radələrində anam dayısı oğlu Tacəddinə zəng vurdu, bizi evə aparmasını xahiş elədi. Tacəddin taksi maşını ilə xalam gildən bizi götürərək evimizə apardı.

Yolda maşında maqnitofonun səsini çoxaldıb-azaldırdılar. Anam yolda Tacəddinə 4 manat taksi pulu verdi. Tacəddin maşını evimizin darvazasının qabağında saxlayaraq mahnının səsini aldı. Bu zaman anam mahnının səsini çoxaldaraq “mən evə mahnı ilə girmək istəyirəm” deyə bildirdi.

Anam həmin vaxt həm içkili idi, həm də məhkəməni udduğu üçün sevinirdi. Babam gilə acıq vermək üçün mahnının səsini artırdı. Anamla maşından çıxıb darvazaya yaxınlaşdıq. Tacəddin isə mahnının səsini azaltdı, maşını sürərək getdi. Anam darvazanı içəriyə doğru itələdi ki, qapını açsın, amma qapını açmağa gücü çatmadı”.

Cındır oğlu, qapını nəyə görə bağlamısan?

Azyaşlı şahidin sözlərinə görə, anası evdəkilərə səslənərək qapını açmağı tələb edib:

“Bu vaxt darvazanın arxasından babam Məlikməmmədin səsini eşitdik. Babam bizə “qışqırma, açıram qapını” deyərək səsləndi.

Babam qapını açıb bizi içəriyə buraxdı. Həmin vaxt əlində yaba vardı. Rəmziyyə içəriyə girər-girməz “cındır oğlu, qapını nəyə görə bağlamısan?” deyərək babamı söydü. Babam isə anamdan söyüş söyməməyi tələb etdi”.

Murad Adıgözəlov daha sonra ifadəsində babası ilə anasının mübahisə etməsindən, babasının onu yaba ilə vuraraq öldürməsindən danışıb.

16 il cəza, apelyasiya şikayəti və protest

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məlikməmməd Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

O, əməlinin Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmasını istəyib.

Məlikməmməd Adıgözəlovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məlikməmməd Adıgözəlovun apelyasiya şikayəti qismən təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. Onun cəzası 12 ilə endirilib.

Bu hökmdən prokuror kasasiya protesti verib. Ali Məhkəmə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsində işə hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası təqsirləndirilən şəxsin apelyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin Məlikməmməd Adıgözəlovun 16 il müddətinə azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.


Müəllif: Hacı Zeynalov
Загрузка...