Xalqinfo.az xəbər portalının baş direktoru Tural Marks oğlu Mamedovun həbs xəbəri yalandır.
Axar.az xəbər verir ki, bu barədə sözügedən media qurumu özü məlumat yayıb.
Mediada yayılan məlumatda bildirilirdi ki, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib. Məlumatda onun CM 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirildiyi bildirilirdi. Həmçinin qeyd olunurdu ki, xəbər Nərimanov RPİ tərəfindən təsdiqlənib.
Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin rəis müavini isə Xalqinfo.az-a açıqlamasında məlumatı təkzib edib.
Tural Mamedov özü bildirib ki, bu yalan, böhtan və təxribat xarakterli bir xəbərdir:
"Mən neçə illərdir necə axtarışdayam ki, mütəmadi olaraq KİV-də çıxış edirəm və müxtətəlif tədbirlərə, televiziya verlişlərinə dəvət olunuram. Axtarışdayamsa, elə həmin an bir tədbir görərdilər. Onu da qeyd edim ki, mən işə hər gün Nərimanov RPİ-nin yanından keçib gedirəm. Təbiidir ki, burada nəsə anlaşılmazlıq var. Mən özüm bu məsələni araşdıracağam və lazım gələrsə, bu məlumatı araşdırmadan, mənim özümlə əlaqə saxlamadan dərc edənləri məhkəməyə verəcəm".