18 Aprel 2018 20:13
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amanonu qəbul edib.

Teleqraf.com xəbər verir ki, E.Məmmədyarov Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edərək AEBA-nın fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycanın milli tədqiqat reaktorunun yaradılması və istifadə edilməsində və kadrların hazırlanmasında AEBA-nın dəstəyi yüksək qiymətləndirilib. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov nüvə reaktorlarının təhlükəsizliyi məsələsinə toxunularaq Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırıb.

O həmçinin "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində AEBA tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.

Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər