25 Aprel 2018 17:54
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni təyin olunmuş Təhsil nazirinin qarşısında bir sıra ciddi məsələlər var.

Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Ekpsert ümid edir ki, iqtisadçı və hüquqşünaslıq ixtisasları üzrə əsaslı biliklərə yiyələnən, idarəetmə sahəsində müxtəlif vəzifələrdə kifayət qədər təcrübəyə malik olan, ən başlıcası 2013-cü ilin avqust ayından Təhsi nazirinin müavini kimi məsul vəzifə daşıyan Ceyhun Bayramov göstərilən etimadı layiqincə doğruldacaq:

“İnanıram ki, o, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində zəruri islahatların aparılması, təhsilimizin taleyüklü poblemlərinin həlli istiqamətində öz hərtərəfli bilik və bacarıqlarını, idarəetmə sahəsində qazandığı təcrübəni əsirgəməyəcək. Təhsil sahəsində hər hansı struktur dəyişikliyi və yenilik nəzərdə tutulduğu halda, hesab edirəm ki, təhsildə varislik və fasiləsilik prinsiplərininin təmini baxımından ilk növbədə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasından başlanlmalıdır. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər”.

Nadir İsrafilov bildirib ki, hazırda təhsilə dair strategiyamız hazırlanıb: “Məqsədimiz müəyyənləşdirilib, vəzifələrimiz aydınlaşıb, sistemin daha da optimallaşdırılması və rasionallaşdırılması üçün konkret hədəflərimiz dəqiqləşib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı Fəaliyyət Planında strateji hədəflər üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri əsaslar təsdiqini tapıb. Digər mühüm bir üstünlük “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin olmasıdır. Bircə qalır, Fəaliyyət planının icrasına ciddi nəzarətin həyata keçirilməsi və bu prosesin təmin edilməsi...

Bu məqsədlə Təhsil Nazirliyi aparatı və təhsili idarəetmə sisteminin digər yuxarı eşelonlarında vakant olan yerlərə səriştəli, təhsili bilən və bu sahə ilə bilavasitə bağlı olan peşəkar kadrların seçilib yerləşdirilməsi, işgüzar, ixtisaslaşmış komandanın formalaşdırılmasına ehtiyac var”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə aprelin 23-də Ceyhun Bayramov təhsil naziri vəzifəsinə təyin olunub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər