27 Aprel 2018 18:10
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bütün meqapolislərində nəqliyyat sıxlığı var. Tıxacları aradan qaldırmaq üçün Bakının bir çox yerində tunellər və yol ötürücüləri tikilsə də, hələ də problemi tam aradan qaldırmaq mümkün olmayıb. Dünya ilə müqayisədə bizdə avtomobil istifadəsi 4 dəfə azdır. Amma bu artan templə gedir. İndidən ölçü götürmək lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, parklanma ilə də bağlı yenilik tətbiq edilməlidir:

“Müəyyən küçələr var ki, onları hərəkətə daxil etmək lazımdır. Axın çox olan küçələrdə yeni nizamlanma işləri aparılmalıdır”.

Millət vəkili Elmira Axundova isə paytaxtın nəqliyyat yükünün azaldılması üçün ali təhsil ocaqlarının köçürülməsini təklif edir:

“Universitetlər Bakıdan çıxarılmalıdır. Onları Sumqayıt, Qəbələ, Şəkiyə köçürmək olar. Amma orda komplekslər yaradılmalıdır. Həmçinin məktəblərin də xüsusiləşdirilməsinə nəzarət edilməlidir. Yeni Yasamal sakinləri Yasamalda, Binəqədidə yaşayanlar isə öz rayonundakı məktəbə getməlidir. Buna da böyük ehtiyac var”.

Tıxac məsələsinin köklü həlli üçün irəli sürülən təkliflər arasında növbəli iş sisteminin tətbiqi də var.

Nəqliyyat üzrə mütəxəssis Hüseyn Abdullayev deyib ki, Bakı ilə yol infrastrukturu oxşar olan şəhərlərdə icra olunan layihələri öyrənmək, onların yerli modelinin hazırlamaq olar:

“Biz Avropa modelini Azərbaycana gətirməliyik. İctimai nəqliyyatı köklü şəkildə inkişaf etdirməliyik. Kütləvi avtomobil şəhəri kimi istifadə imkanlarımız yoxdur”.

Qeyd edək ki, hazırda Bakıda tıxacların önlənməsi üçün bir sıra küçələrdə genişləndirmə işləri aparılır. Yeni salınan dairəvi yollarla nəqliyyat sıxlığının azaldılması planlaşdırılır. Bu işlər BNA və AAY DA tərəfindən icra edilir. Dəmiryol xətləri, tramvay və trolleybus parklarının yaradılması da gözlənilir. Bu işlərin yaxın 4 ildə görülməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər