17 İyun 2018 15:21
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dövrü tariximzə dair bəzi əhvalatlar var ki, yazılmayıb. Bunların biri Süleyman Rüstəmin Qasım Qasımzadəyə danışdığıdır. Heç yerdə çap olunmayıb.

Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında ilahiyyatçı Nəriman Qasımoğlu yazıb.

O, maraqlı olduğu üçün həmin əhvalatı paylaşdığını bildiirb:

“II Dünya Müharibəsinin qızğın çağı imiş. Təxminən 1942-ci il. Bir gün Mircəfər Bağırov Azərbaycanın məşhur mədəniyyət, incəsənət xadimlərini kabinetinə toplayır. Gələnlər Bağırovun tövründən, əhval-ruhiyyəsindən anlayırlar nə isə xoşagəlməz və fövqəladə bir məsələdən ötrü çağrılıblar, amma fərqində deyillər söhbət nədən gedəcək. Toplaşanlar arasında Süleyman Rüstəmlə yanaşı Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Səməd Vurğun və başqaları var.

Bir xeyli sükutdan sonra Bağırov katibinə deyir, onu çağır gəlsin. Kabinetin qapısı açılır, Hüseynqulu Sarabskini içəri salırlar. Bağırov onu görcək “Ay…, Hitleri gözləyirsən?” deyə üstünə qışqırır. Hamı həyəcan içində baxır Sarabskinin rəngi özündə deyil, gözləyirlər nə cavab verəcək. Birdən Sarabski muğamat oxuya-oxuya yalvarmağa başlayır, rəhbərə muğamat üstündə yalvarır onu bağışlasın.

Bağırov imkan vermir muğamat uzansın, Sarabskiyə deyir rədd ol get. Sonra üzünü kabinetində topladıqlarına tutub soruşur nə fikirləşirsiniz, neyləyək bununla? Hamı susur. Birdən Ordubadi deyir belə satqını ancaq güllələmək lazımdır. Bağırov müzakirə açmadan toplaşanlara – “yaxşı, azadsınız gedin” deyir.

S.Rüstəm elə dəhlizdəcə Ordubadiyə irad tutur ki, bəs ay insafsız, o nə idi dedin, indi yazığı məhv edəcəklər. Ordubadi də deyir, heç narahat olma, Sarabskini xilas etmişəm. Mircəfərlə uşaqlıqdan dostam, xasiyyətini bilirəm, tərsdir, ona nə desən, əksini edəcək”.

N.Qasımoğlu qeyd edib ki, həqiqətən də, H.Sarabski repressiyaya məruz qalmır:

“Və aydındır ki, əslində Ordubadinin fəndinə görə yox. O zaman azərbaycanlıların millət kimi etibarsızlığı məsələsi sovet rəhbərliyində müzakirə olunurmuş, azərbaycanlıların Krım türkləri və başqaları kimi Orta Asiyaya sürgün edilməsini Moskvada əsaslandırmaq cəhdləri var imiş. Bunu tarixçilərimiz yaxşı bilir. Və proses artıq başlanmışdı, on minlərlə soydaşımız Qazaxıstana sürgün edilmişdi.

Belə bir şəraitdə Azərbaycanda bəzi ziyalılarımız həqiqətən də, “Hitlerin yolunu gözləyirmişlər” və inanırmışlar ki, Sovet İttifaqı müharibəni uduzarsa, milli hökumətimiz bərpa ediləcək. Hökumətdən narazıların içində vaxtilə mülkləri müsadirə olunanlar da vardı. Onlar da həsrətində imişlər ki, almanlar müharibəni udsun, sovetlərin müsadirə etdiyi mülkləri geri qaytarsınlar.

Deyilənə görə, Cəlil Məmmədquluzadənin xanımı Həmidə Cavanşirin də maddi vəziyyəti ağır imiş, gedib Qarabağdakı kəndlərində qalırmış, ümidli imiş ki, sovetlər müharibəni uduzarsa, ona bəyzadə nəslindən vərəsəliklə keçməli və hökumətin müsadirə etdiyi torpaqları geri ala biləcək”.

Qeyd olunur ki, M.Bağırov da azərbaycanlıları gözlənilən kütləvi sürgündən xilas etməyi düşünür, almanlara rəğbətli əhval-ruhiyyəyə dair bəzi faktları Moskvadakı “dostlarından” gizlətmək üçün ört-basdır edirmiş:

“Başqa vaxt olsaydı, yəqin ki, Sarabskini də gedər-gəlməzə göndərərmiş. Ziyalıları da ona görə toplayıbmış ki, onlara dərs versin, almanlara rəğbət aşılayan söz-söhbətlər yayılmasın. Və o zaman döyüşlərdə xeyli şücaət göstərmiş və əksərən məhz azərbaycanlılardan ibarət məşhur 416-cı Taqanroq diviziyasının Bağırovun şəxsi təşəbbüsü ilə yaradılması da məlumdur ki, soydaşlarımızın dövlətə sədaqətini sübuta yetirmək üçün idi”.


Müəllif: Səxavət Həmid