20 İyun 2018 19:13
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsana geyiminə görə hər hansı formada basqı edilməsi kökündən yanlışdır. Həddi aşarsa, bu, artıq cinayət xarakteri alır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Bakı metrosunda gənc qızın şortik geyindiyinə görə təhqirə məruz qalması fonunda açılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun fikrincə, metrodakı hadisə və oxşar olay zamanı etik davranış çərçivəsində xatırlatma etmək olar: “Bu baxımdan düşünürəm ki, nə o qız, nə də ona qarşı addım atan insanlar qəhrəmandır. Onların heç birindən qəhrəman düzəltmək lazım deyil.

Ümumilikdə uzun illərdir hansı dəyərlərlə irəli gedəcəyimizi müəyyənləşdirə bilmirik. Biz şərqliyik, qərbliyik, yaxud mental xüsusiyyətlərimiz sintez olunub? İkili yanaşma toplum olaraq xarakterimizdə yer alıb. İnsanların azad geyinmək, gəzmək, fikirlərini ifadə etmək hüquqları var. Bu hüquqlar Konstitusiya ilə təsbit olunub. Biz dünyəvi və hüquqi dövlətdə yaşayırıq, hər hansı bir şəxsin başqa birisini geyiminə yaxud fərqli düşüncəsinə görə qınaması, hətta təhdid etməsi qətiyyən yolverilməzdir.

Bunu əvvəla dərk etmək lazımdır. Şübhəsiz, istənilən şəxs cəmiyyətin birgəyaşayış qaydalarına əməl etməyi bacarmalıdır. Burada insanın öz geyimi ilə verdiyi mesaj da önəmlidir. Geyim insanın xarakterini, həyat tərzini büruzə verir. Bu məsələdə də ifrata varmaq olmaz. Həmkarlarımız, eləcə də bu mövzu ilə bağlı müzakirə açan adamlar Avropa ölkələrinə səyahət ediblərsə, xüsusi yerlərdən başqa insanların çağırış edən geyimlərdən çəkindiklərinin şahidi olurlar.

Avropada xanımlar çox vaxt heç makiyajdan da istifadə etmirlər, ciddi, yaxud idman geyimlərə üstünlük verirlər. Onların geyimləri bədən quruluşlarını xüsusi olaraq ortaya çıxarmır”.

Elçin Mirzəbəyli hesab edir ki, cəmiyyət mental olaraq hansı istiqaməti seçdiyini çoxdan müəyyənləşdirməli idi: “Hüquqi dövlət quruculuğu istiqamətində addımlarımızı davam etdiririksə, Azərbaycanın dünyəvi dövlət statusunun daha da yüksəldilməsini arzulayıb cümhuriyyət dəyərlərindən danışırıqsa, o zaman insanların geyim və seçim azadlığına sayğı ilə yanaşmağı bacarmalıyıq.

Əgər mental, feodal dəyərlər üzərində irəliləmək istəyiriksə, o zaman feodal dəyərlərlə yaşamağa başlamalıyıq. Seçim həmişə var. Ancaq iki mental xüsusiyyət bir arada ola bilməz. Necə ola bilər ki, həm insanlara geyiminə görə basqı göstərirsən, həm də hüquqi və dünyəvi dövlətdə yaşamaq istəyirsən. Artıq dünya insanın ovcunun içərisindədir, informasiyanı smartfonlar vasitəsilə əldə etmək olur, uzaq yollar yaxınlaşır, sərhədlər virtual dünyada aradan qalxır, insanların davranışlarına və ünsiyyətinə mane olan hər hansı amil qalmayıb.

Bu prosesin içərisində sən yenə də feodal təfəkkürlə yaşamağa üstünlük verirsənsə, şübhəsiz, bu yanaşma tərzi ilk növbədə intellektual inkişafın qarşısını alır. İfratçılığın qəti əleyhinəyəm, hesab edirəm ki, geyimdə də, davranışda da ifrata yol vermək olmaz. Yaşadığımız cəmiyyətin müəyyən qaydalarına da əməl etməyi bacarmalısan”.

Baş redaktorun sözlərinə görə, bu problemlərin həlli istiqamətində aparılan dialoq önəmlidir.

Gənc yazarların bu istiqamətdə sosial araşdırmalarına toxunan Elçin Mirzəbəyli hesab edir ki, bunların içərisində də cəmiyyətə və onun dəyərlərinə qarşı olduqca aşırı, ifrat yanaşma var: “Qənaətimə görə, bu ifrat da yanlışdır. Bu problemlərin həlli üçün ya orta xətt tapmalıyıq, ya da feodal qaranlıqlarına üz tutmalıyıq. 100 il bundan öncə qadına səsvermə hüququ verən cümhuriyyətin varisləri olduğumuz halda 100 ildən daha əvvələ qayıdıb şəriət qaydalarının diktə etdiyi şərtlər altında yaşamağa başlamalıyıq.

Xarakterimizdə iki xətt, evdə şərqli, evdən kənarda qərbli kimi davranmağımız sıradan çıxmadan, mental xüsusiyyətlərimizdəki bu riyakar davranışlar ortadan qaldırılmadan mədəni inkişafımıza nail olmaqda problem yaşayacağıq.

Bu barədə daha çox sosioloqlar düşünməli və maarifçilik işi aparmalıdır. Heç bir halda unutmaq olmaz ki, Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Bu cür dövlətin vətəndaşları da başqalarının geyim, seçim və düşüncə azadlıqlarına sayğı ilə yanaşmağı bacarmalıdırlar”.


Müəllif: Nərgiz