Paltarların eyvanda qurudulmasına yalnız Bakıda deyil, bütün şəhər və rayonlarda qadağa qoyulmalıdır.
Bu sözləri Teleqraf.com-a müstəqil memar Zemfira Budaqova deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə eyvandan paltar asmağa görə sakinlərə cərimə tətbiq edilir: “Əvvəllər bir mənzildə iki-üç ailə yaşayırdı. Eyvandan paltar asılmaması üçün çardaqlar qurulurdu. Hər sakinə açarlı çardaq verilirdi, onlar həmin çardaqlarda paltarlarını qurudurdular.
Müasir dövrdə isə paltar qurutmaq üçün asılqanlar çıxıb. Bir otaqlı evdə yaşayan vətəndaşın paltarları beş otaqlı mənzildə yaşayan sakinin paltarı qədər çox ola bilməz. Nə vaxta qədər çəpərlərin başınada paltar qurudaraq yaşayacağıq?!”
Zemfira Budaqova deyib ki, Bakı dünyada tanınmış şəhərlərdən biridir: “Bu cür şəhərin mərkəzi küçələrində paltar asmaq düzgün deyil. İcazə verildiyi halda görünməyən şüşəbəndlı eyvanların içində iplər vasitəsi ilə paltar asmaq olar. Asılqan yoxdursa, mətbəxdə divara ilişdirilmiş iplər vasitəsi ilə də paltar qurutmaq olar”.
Memarın sözlərinə görə, mərkəzi küçələrin eyvanından paltar asılmasına qəti qadağa qoyulması məqsədəuyğundur. Bununla belə o, cərimə tətbiqinə ehtiyac görmür: “Qadağanı birmənalı qarşılamayan sakinlərə cərimə tətbiq edilməsinə ehtiyac yoxdur. Mənzil Kommunal Təsərrüfatları tərəfindən bu işə nəzarət gücləndirilməlidir. Bütün şəhərlərə bu qadağa tətbiq edilməlidir”.
Qeyd edək ki, Bakının Nərimanov rayon İcra Hakimiyyəti paltarların eyvanda qurudulmasını qadağan edib. İcra hakimiyyətinin təmsilçiləri bu vaxta qədər eyvanlardan asılan zivələrin yığışdırılmasını tələb edir.