Zakir Qaralov Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayonlarının sakinlərini qəbul edəcək
Baş prokuror Zakir Qaralov Oğuz rayon prokurorluğunun inzibati binasında vətəndaşlarla görüş keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş iyulun 27-də, saat 10:00-da baş tutacaq.
Həmin vaxt Zakir Qaralov Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Oğuz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.