8 dekabr 1918-ci il tarixli “Azərbaycan” qəzeti yazır: “Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis və Azərbaycan fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır. Ümumiyyətlə ruh yüksəkligi hökmfərmadır”.
Bir gün öncə Azərbaycan tarixində möhtəşəm bir hadisə baş vermişdi. Azərbaycan parlamentinin ilk iclası keçirilmişdi.
İclasda açılış nitqini Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə edir.
“Azərbaycan” qəzeti yazır: “Nəhayət saət ikinin yarısında iclas açılıyor. İclası Məhəmməd Əmin Rəsulzadə cənabları nitqi-iftitahilə açaraq Azərbaycan istiqlalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından incimiş, zənciri-əsarət altında əzilmiş və bittəbii bundan dolayı rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan türklərinin rus milləti və rus mədəniyyətinə qarşı məhəbbət və dostluqdan başqa bir fikri olmadığını qeydlə nəhayət Azərbaycanın yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin amal və gedəcək yolları bir olduğunu göstərərək bu gün bu binada qaldırılmış olan bayrağın enmiyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların şüarı olaraq istiqlal və hürriyyət uğrunda göstərdikləri və göstərməgə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin də münasibat və rəftarını qeydlə diyor ki, vicdani-bəşər heç vəqt böylə zülmü işləməz ki, bizi bu səadətdən məhrum qılsın. Binaənileyh natiq cənabları azərbaycanlıları ittihad və ittifaqla çalışaraq müstəqil yaşamağa qail, müstəid və müstəhəqq olduğumuzu isbat etməgə çağırıyor. (Nitq kəraətlə gurultulu alqışla kəsiliyor).
İlk iclasda parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun müavini isə Həsən bəy Ağayev seçilirlər. Həmin vaxt sədr İstanbulda olduğu üçün Həsən bəy kürsüyə qalxır.
“Azərbaycan” qəzeti yazır: “Həsən bəy Ağayev sədr yerini tutaraq böylə tarixi gündə bunca nəsibinə böyük şərəf və ehtiram düşdügündən izhari-etimad edərək seçənlərə təşəkkürünü bəyan ediyor. Sonra müvəqqəti bir katib intixabı lüzumunu qeydlə parlaman adətincə katibligə ən cavan məbusu seçmək qaidəsini bəyan binayi-aliyə Rəhim bəy Vəkilovun namizədligini təklif ediyor. Təklif qəbul olunur. Sonra Azərbaycanın hər yerindən və ümum millətlər və siniflərdən alınmış olan təbrik teleqraflarını qismən oxuyur”.
Daha sonra isə baş nazir Fətəli xan Xoyski kürsüyə çıxır, geniş nitq söyləyir, 7 dekabra qədər baş verən hadisələri sadalayır, münasibətini bildirir.
İlk iclasın təəssüratları çox xoş olur. Üzeyir bəy Hacıbəyli “Təəssürat” adlı məqaləsində yazır: “Parlamanımız açıldı, gördük, Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar degil idi - bəlkə fiyatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi.
Məhəmmədəmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək” amalı əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endirilməz!” - dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
“Məclisi vətən övladı açdı”
Üzeyir bəy Rəsulzadənin kürsüyə necə gəlməsini də yazısında təsvir edir: “Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman xanımları da az degildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministrlər müavinlərilə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmıyıb, sağ və sol iki loju doldurdular. Bunların hamısı başı açıqdırlar. Bir nəfərdən səvayi, görünür ki, soyuqdan qorxurmuş, həqiqət, çox soyuğdur. Hamı amadə olub intizarda ikən Milli Şura rəisi Məhəmmədəmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü Məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu. Məhəmmədəmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı.
Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”.
Beləliklə, 7 dekabr 1918-ci ildə H.Z.Tağıyevin Nikolay küçəsində yerləşən keçmiş qız məktəbinin (indiki AMEA Əlyazmalar İnstitutunun) binasında müsəlman Şərqində ilk Məclisi-Məbusanın - parlamentin açılışı oldu. Fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanda 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputat fəaliyyət göstərdi. Parlament 1918-ci il dekabrın 7-sindən 1920-ci ilin 27 aprelinədək 145 iclas keçirdi və ölkənin ən önəmli həyati məsələlərini həll etdi.
P.S. Bir neçə gün öncə Cümhuriyyətlə bağlı sənədli film çəkilişi üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin iclaslarının keçirildiyi salonda olduq. Salonun divarında parlamentin iclasından bir fotoşəkil yer alıb. Hazırda salon Əlyazmalar İnstitutuna aid olduğu üçün salonda müxtəlif əlyazmaların surətləri sərgilənir. Salonun müasir formasının fotoşəkillərini təqdim edirik.