Onun adı bizlərə - SSRİ-nin sonuncu nəslinə - lap uşaqlıq illərimizdən tanışdı - Yazıçı Firudin Ağayevin “İldırım dənizdən çaxır” və “İldırım ömrü” romanları, həmçinin bu əsərlər əsasında çəkilmiş “İşarəni dənizdən gözləyir” bədii filminin sayəsində.
O, təkcə inqilabın idealisti və praktiki yox, həm də məşhur sənaye təşkilatçısı və istedadlı mühəndis idi. Sovet Azərbaycanında ilk dəniz komissarı, Qırmızı Bayraq Ordeni alan ilk azərbaycanlı, “Lenin” ordeninin sahibi, “Maqnitkanın rəisi”... - söhbət Çingiz İldırımdan (Sultanov) gedir.
***
Onun 49 illik ömrü Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı kəndində (indiki Qubadlı rayonu) başlayır. 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olur və 2 oğlunu - Çingizlə Cabbarı həmin məktəbdə oxutdurur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirir. Bu məktəb 1906-cı ildə bağlanır, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlayır.
Elə həmin ildə 19 yaşlı Çingiz Sankt-Peterburqa ali təhsil dalınca yollanır və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunur. Ali təhsilini 1916-cı ildə başa vurandan sonra oradakı “Ayvaz” zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlayır.
Tezliklə Petroqradı inqilabi hadisələr ağuşuna alır. Gənc Çingiz hadisələrdən kənarda qalmır və bolşeviklərə qoşulur. O, 1917-ci ilin 25 oktyabrında Qış Sarayının alınmasında iştirak edir, yenicə qurulan Sovet hakimiyyətində isə əsas sənədini bir müddətlik unutmalı olaraq Millətlər Komissarlığında çalışır, habelə, RSFSR Xalq Komissarları Sovetinin nəzdindəki müsəlmanlarla iş üzrə Büroya rəhbərlik edir. Çingiz İldırım 1918-ci ildə Petroqradda ilk dəfə olaraq müsəlman hərbi eskadronu (“İldırımiyyə”) yaradır. Elə həmin dövrdə də Peterburq fəhlə və əsgər deputatları Sovetinə deputat seçilir.
1919-cu ilin əvvəlində o, Azərbaycana qayıdır. Çingiz İldırım ADR hökumətindən vəzifə alır - Qarabağ general-qubernatorluğu yanındakı Şuraya üzv təyin olunur. Həmin vaxt Qarabağın general-qubernatoru onun əmisi oğlu Xosrov bəy Sultanov idi.
1919-cu ilin avqustunda Çingiz İldırım artıq Bakı limanı rəisinin baş köməkçisi və eyni vaxtda da hərbi limanın rəis müavinidir. O, bolşevik partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşımaq üçün Xüsusi dəniz ekspedisiyası təşkil edir. Bakıda Sovet hakimiyyətinin qurulmasında əsas rollardan birini oynayan Çingiz aprelin 28-də elan olunan ilk Sovet hökumətində Hərbi və dəniz işləri üzrə Xalq komissarı təyin olunur. O, bu vəzifədə qısa müddət - iyunun 26-sına qədər qalır. Məhz onun syəsində məşhur generallar Səməd Mehmandarov və Əliağa Şıxlinski Sovet hakimiyyəti ilə əməkdaşlığa razı olurlar. 1922-ci ildə onu çox çətin və məsuliyyətli vəzifəyə təyin edirlər - Çingiz sənaye vergisi (“prednaloq”) yığımı üzrə fövqəladə səlahiyyətli şəxs təyin olunur. Onun fəaliyyətinin çoxşaxəliliyi və güclü təşkilatçılıq qabiliyyəti Sovet Azərbaycanının ilk illərində özünü parlaq şəkildə göstərir: o, Bakı-Culfa dəmir yolunun çəkilişinə rəhbərlik edir, 1923-24-cü illərdə əfsanəvi Bakı tramvayının (bu, SSRİ dövrünün ilk tramvayı idi) tikiintisində rəhbərlik edənlərdən biri olur, 1926-cı ildə isə Bakı-Sabunçu elektrik dəmiryolunun tikintisinə başçılıq edir (bu, SSRİ dövründə elektrikləşdirilmiş ilk dəmiryolu xətti idi).
1928-ci ildə Çingiz İldırıma yeni vəzifə tapşırılıq - o, poçt və teleqraf Xalq komissarıdır. 1 il keçir və onun Azərbaycanda fəaliyyəti Moskvaya çağırılması ilə tamamlanır. Onun böyük arzularından biri Daşkəsəndə metallurgiya kombinatının tikintisinə rəhbərlik etmək idi, əvəzində isə ona həmin dövrdə dünyanın ən iri metallurgiya zavodu olacaq “Maqnitka”nın (Maqnitoqorsk metallurgiya kombinatı) tikintisinə başçılıq etmək nəsib olur.
***
1929-cu ilin 17 yanvarında Sovet hökuməti Maqnitoqorsk şəhərində iri metallurgiya müəssisəsinin tikintisinə dair qərar qəbul edir. 3 il ərzində tikintisi başa çatdırılması olan kombinat gündə 2,5 milyon ton çuqun verməklə dünyanın ən iri müəssisəsi olmalıydı. Yeri gəlmişkən, Böyük Vətən müharibəsi dövründə hər 2-ci tank və hər 2-ci mərmi məhz “Maqnitka”nın metalından hazırlanacaqdı.
Elə bu tikintiyə rəhbərlik edəcək şəxsləri müəyyənləşdirərkən Moskvada Çingiz İldırımı xatırlayırlar. Artıq 1930-cu ilin 2 yanvarında o, tikinti rəisinin müavini təyin olunur və apreldə Maqnitoqorska yola düşür. Artıq yaşı 40-a çatsa da, Çingiz İldırım ailə qurmamışdı və öz balaca çemodanını da götürərək o, “Moskva-Sverdlovsk” qatarı ilə Urala yollanır.
Çingiz İldırımın həyatı haqda bir neçə kitab və məqalələr yazmış jurnalist Lev Polonski həmin vaxt tikintidəki vəziyyəti bu cümlələrlə təsvir edir:
“Bir neçə gündən sonra tikintinin rəhbərini Moskvaya çağırdılar və bütün idarəçilik Çingiz İldırımın çiyinlərinə düşdü. Özünün ilk əmri ilə o, “Maqnitstroy”un bütün idarələrinin Sverdlovskdan birbaşa tikinti ərazisinə köçürülməsinə göstəriş verir. O, haqlı olaraq qeyd edirdi ki, “Əgər biz əmək cəbhəsindəki nəticələri axşam hesabatlarından öyrəniriksə, onda bizi rəhbər adlandırmaq olmaz”. Bir çoxları bu addımı xoş qarşılamadı...
...Nəhəng tikintiyə hər yerdən yüklər daşınırdı. Cəmisi 4 gün ərzində Maqnitka 300 vaqon tikinti materialı qəbul etmişdi. Tikintiyə vaxtilə Kolçakın və Semyonovun dəstələrində vuruşmuş, indi isə bandalar məhz ediləndən sonra ətraf ərazilərdə məskunlaşmış kazaklar da aktiv şəkildə mane olurdular. Keşikçilərin azlığından və zəifliyindən yararlanaraq gecələr ambar və baraklarda yanğınlar törədilir, yanacaq çənləri alışırdı. Qısa qapanma nəticəsində tikinti meydançasında işıqlar sönürdü. Yanğınlar, təxribatlar, ziyankarlıq - tikintinin hər addımında bunlarla rastlaşırdın...”
1930-cu il, iyulun 5-ini Maqnitoqorsk şəhərinin əsasının qoyulduğu gün sayırlar. Aşağısında İldırımın da imzası olan Aktda yazırlar: “Partiyanın XVI qurultayının işini davam etdirdiyi bu günlərdə Qara-Dır dağının şimal ətəklərində 14 min fəhlənin iştirakı ilə Maonitoqoskun təməli qoyuldu”.
Elə həmi günlərdə İldırım dostu Sergey Kirova məktubunda şəraiti bu cür təsvir edirdi:
“Əziz Mironıç!
Asiyadan kürdün raportunu qəbul et! (Çingiz İldırım mənsubiyyətcə kürd idi - Red.) Nəhəng tikintidə hərarət -23-25 dərəcə soyuqdur. Kürdün dözümlülüyü 5-ballıq şkala ilə 4,5-dir. Yemək təşkil olunmayıb. Mənzil yoxdur. Hələlik ömür mehmanxanada keçir...”
***
Böyük sürətlə sənayeləşdirmə kursu həyata keçirən SSRİ-də “Maqnitka”nın tikintisi Qərbdən alınan texnika və dəzgahlardan olduqca çox asılı idi, bu təchizat isə bir çox hallarda gecikir, yaxud açıq-aşkar sabotaj olunurdu. Belə bir vaxtda Sovet hökuməti Çingiz İldırımı Avropa və Amerikaya yollamaq qərarına gəlir.
Yola salma mərasimində Serqo Orconikidze Çingizə deyir: “Bizim ABŞ-da hələlik səfirliyimiz yoxdur. Sən orada Maqnitkanın Fövqəladə və səlahiyyətli səfiri olacaqsan”. 1931-ci ilin yazında Çingiz əvvəlcə Berlinə və Hamburqa yollanır, sonra isə okeanın o tayına - ABŞ-a səfər başlayır. O, Klivlenddə “Maqnitka”nı avadanlıqla və mühəndis kadrları ilə təchiz edən “Mak-Ki” şirkətinin rəhbərləri ilə danışıqlar aparır, həmçinin Detroytda, Dirbornda olur. Onun ABŞ-dan köhnə dostu, Bakı bolşeviki A.Semuşkinə yazdığı məktubda deyilir: “Artıq ingiliscə də qırıldadıram. Görürsən hara gəlib çıxmışıq? - kürd də ingiliscə danışır!”
Azərbaycan jurnalistikasının patriarxlarından olan Azad Şərif özünün “Maqnitkanın rəisi” adlı məqaləsində Çingiz İldırımın ABŞ-dakı fəaliyyətinə dair bəzi epizodları qələmə alıb. O, yazır:
“Başlanğıcda Artur - “Mak-Ki” şirkətinin prezidenti - olduqca nəzakətli idi. O, mister Çingiz İldırımın yerləşmə şəraitinin komfortluğu ilə maraqlanır. Cavabında Çingiz ona deyir: “Şirkətinizin ləng fəaliyyəti bizi narahat edir. Layihələşdirmə tısbağa sürəti ilə gedir”.
- Siz isə tələsməyin, cənab İldırım, bizim “Herri” metallurgiya kombinatımız 12 ilə tikilib. Siz isə 3 il ərzində artıq çuqun istehsal etmək istəyirsiz!
- Müqavilə var və siz onu həm vaxtında, həm də keyfiyyətlə yerinə yetirməyə borclusuz, - Maqnitkanın rəisi qəzəbli halda cavab verir.
Belə olanda Artur Mak-Ki hiyləgərliyə əl atır.
- Madam ki, siz bizdən mümkün olmayanı tələb edirsiz, onda biz də pulu əvvəlcədən almaq istəyirik. Belə olanda biz də işimizi canlandırarıq.
Çingizə aydın oldu - amerikalı bacardıqca çox pul qoparmaq istəyir. O, “Novostal”ın rəhbəri Kosiora yaranmış vəziyyət haqda teleqram yollayır. Artıq həmin gün axşam Moskvadan cavab teleqramı alır - çertyoj və layihələrin verilməsi üçün sərt vaxt qrafiki qoymaq lazımdır. Nahar zamanı isə Çingiz guya qəfildən, elə-belə bildirir ki, “Amerikada işini dəqiq və vaxtında yerinə yetirə bilən başqa şirkətlər də mövcuddur”. Üstəlik, o, köməkçisi ilə birlikdə Detroytdakı Ford zavodlarına artıq baş çəkib. Onun bu sözlərini dərhal Artur Mak-Kiyə çatdırırlar.
Artur dərhal yolagəlimli olur, üstəlik Çingiz Maqnitkadakı zəif, işinin öhdəsindən gələ bilməyən mühəndisləri geri çağıraraq onları daha məsuliyyətli mühəndislərlə əvəzləməkdə israrlılıq göstərir. Həmin vaxt ABŞ-da dəhşətli iqtisadi böhran davam edirdi və Artur Mak-Ki qorxuya düşür ki, bu qafqazlı müqaviləni dayandırmağı və yarıtmaz işə görə kompensasiya ödəməyi tələb edir. Bu isə amerikalı üçün iflas deməkdir. O, nəinki yumşalır, üstəlik öz vitse-prezdenti Heyvanı Maqnitoqorska ezamiyyətə yollayır...”
İldırım ABŞ-dan 1932-ci ilin yanvarında dönür. Maqnitkada ilk domna sobasının işə salınmasına hazırlaşırdılar. Cənab Heyvan 30 dərəcə şaxtada metal əritməyə başlamağın məqsədəuyğun olmadığını və yaza qədər gözləməyi təklif edir. Ancaq Ağır sənaye naziri Serqo Orconikdzedən teleqram gəlir: “Domnanın işə salınmasına razıyıq”.
1932-ci il yanvarın 31-də, saat 13.12 dəqiqədə Maqnitkanın istismarına başlanılır - ilk domna sobası işə başlayır. Artıq 2-ci domna işə düşəndə Çingiz artıq Moskvada idi. O, Azərbaycana qayıtmaq və Daşkəsəndə metallurgiya kombinatının tikintisinə başlamaq arzusunda idi, ancaq onu Daşkəsənə yox, Krivoy-Roqa metallurgiya kombinatının tikintisinə rəhbərlik etməyə yollayırlar.
Və 1937-ci ilin 7 iyuluna - NKVD tərəfindən həbs olunana qədər o, Krivoy Roqda çalışır...
(Ardı var)
Məmməd Süleymanov