Azərbaycanda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində tədbirlər davam etdirilir.
Vəkillər Kollegiyası Rəyasət Heyətindən Teleqraf.com-a bildiriblər ki, son dövrdə aparılan müşahidələr, o cümlədən Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatı və Vəkillərin İntizam Komissiyası tərəfindən mübarizə üzrə tədbirlər davam etdirilir.
Qeyd olunanlarla bağlı bu günlərdə Yasamal (“Nizami” metro stansiyası ətrafında), Xətai rayonu (“Həzi Aslanov” metro stansiyası yaxınlığında), Nəsimi (Nəsimi Rayon Məhkəməsi ətrafında) rayonlarının ərazilərində Vəkillər Kollegiyasının üzvləri olmayan şəxslər tərəfindən qeyri-yaşayış obyektlərində vətəndaşlara “vəkil xidmətləri” göstərilməsi halları aşkarlanıb. Görülmüş tədbirlər nəticəsində həmin obyektlərin sahibləri ilə söhbətlər aparılıb. Belə fəaliyyətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399-cu və 412-ci maddələri ilə təqib olunduğu həmin şəxslərin diqqətinə çatdırılıb. Nəticədə qanun pozuntusuna yol vermiş şəxslər tərəfindən qanunsuz vəkillik fəaliyyəti dayandırılaraq obyektlərin qarşısında istifadə olunan “vəkil”, “advokat” və s. aidiyyəti reklam lövhələri həmin şəxslər tərəfindən sökülüb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, belə tədbirlər bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq. Bununla bağlı, vətəndaşlardan və Vəkillər Kollegiyasının üzvlərindən xahiş olunur ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “Vəkillərin reyestri” bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər, vəkil adından qanunsuz istifadə halında “Qaynar xətt” - 012 594 08 70 nömrəsinə zəng edərək bu barədə məlumat versinlər.