11 Avqust 2018 15:37
3 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Emin Piri ilə müsahibəsini təqdim edir.

- İstedadlı şairsiniz, şeirlərinizi də bəyənirlər. Amma adınızı hallandırmırlar heç...

- Mənim kütlə şairi olmaq fikrim yoxdur. Olursa, beyin elitası üçün olum... Təbii ki, burada beş-on kitab oxuyub, bir neçə filmə baxıb özünü maarifçi göstərənlərdən danışmıram. İstedadına əmin olduğum şəxslərin hamısı mətbuatda mənim haqqımda nəsə yazıb, söz açıb.

Götürək tənqidçiləri, hansı tənqidçi Emin Piri haqqında yazmayıb? İstedadı olan tənqidçilərin hamısı. Bir zəng gəlsə dodağı uçuqlayacaq şairlər var, məhz həmin şəxslər şeirlərimə görə zənglər edir, görüşürük, söhbətləşirik. Sadəcə xarakterim fərqlidir, bunları niyə Feysbukda paylaşmalıyam ki?.. Şəxslər üzərindən öz reklamımı qurmaq istəmirəm.

Və yaxud filan yüksək vəzifəli şəxs şeirlərimə görə qonaqlıq verdi deyə özümü imtiyazlı biri kimi cəmiyyətə sırımaq fikrindən uzağam. Bu işləri mətnin öhdəsinə buraxmışam.

Kimisi müdirinin dostlarından danışmağı lazım bilir, kimisi qruplaşmaya qoşulur, kimisi də saytbazlıq edir. Bu adamlar istedadsızdırlar. Mənə dəfələrlə təklif ediblər ki, filan qruplaşmaya qatıl, həmişə reklamın olsun. Siyasi, əqidə baxımdan qruplaşmam ola bilər, amma poeziyada heç vaxt hər hansı qruplaşmada olası deyiləm. Kim qruplaşmayla özünü tutmaq istəyirsə o adamların yarımçıqlıq, istedadına əminsizlik kompleksi var. Tək olanda özümü daha güclü sanıram.

- Adama elə gəlir, bir az içə qapadılmış eqonuz var. Yəni, gizli eqoistsiniz.

- Razıyam. Vaxtilə məclislərdə, görüşlərdə təvazökar olmuşam. Sonra zərərini gördüm. Bizim ədəbi mühitdə səmimiyyət alınmır. Səmimi oldunsa, enirsən... Bundan sonra eqolarımla rastlaşmalı olacaqlar. Necə ki, müsahibədə eqoist oldum.

- Köhnə şeirlərə fokuslanıb qalmısınız...

- Vaxtilə yazdığım şeirlər var ki, çoxları ondan xəbərsizdir. Ona görə yenidən paylaşıram. İldə 4-5 yeni şeir çapa verirərəm. Planla işləmirəm, sadəcə xarakterim budur. Hər ay bir neçə şeir yazıram, amma çapa vermirəm. Bəzən 10 şeiri bir şeirin içində əridirəm.

- Tənqidçilər deyirlər ki, siz sevə bilmədiyiniz üçün sevgi şeirləri sizdə o qədər də yaxşı alınmır. Yəni, özünə vurğunluq sevməyinizə mane olur. Bununla da razısınızmı?..

- Bir qədər haqlıdırlar. Sevəndə dəli kimi sevirəm, yəni, şeir yazmaq havasında olmuram. Məcnun durub şeir yazası deyil ki. Universitetdə tələbə yoldaşlarım mənə “Məcnun Emin” deyirdi. Sevgidə orta hədd yoxdur məndə. Amma son vaxtlar sevgi şeirlərim nəsə uğurlu alınır. Ola bilər, bu, lovğalıq çıxmasın, peşəkarlıqla əlaqədardır.

- Lakin müharibə şeirləriniz haqda yüksək fikirlər var. Sizi son illərin ən yaxşı müharibə şeiri yazan şairi adlandırmaq olarmı?

- Bu barədə hər zaman susmuşam. Küll halda götürsələr müharibə mövzusunda hər halda Emin Piri xeyli gözəl şeirlər yazıb. Bədbəxtlik budur ki, bizim mühit hamını adiləşdirməyi sevir. Halbuki Emin Piri imzası bu mövzuda dünya ədəbiyyatında ön sıralarda dayanar. Müharibə mövzusunda hazırda yazan istedadlı şairlərimiz və uğurlu şeirləri var. Amma bütöv mənzərə fərqlidir.

- Bölgələrdən birində müəllim işləyirsiniz. Sizi Bakı kimi qaynar həyatın olduğu yerdən kənara çəkən səbəb nə idi?

- Ən uğurlu şeirlərimi səngərdə və kənddə yazmışam. Bir də gecə növbəsində mühafizəçi işləyərkən... Bu cür kənar nöqtələrin mənə xeyri dəydiyini yəqin ki, anlatdım. Müasir dövrdə paytaxtla ucqar arasında məsafə aradan qalxıb. Önəmli olan texnoloji vasitələr və maddi durumdur. Onda məsafə itir. Yəqin 1-2 ilə geriyə – paytaxta qayıdacağam. Amma yenə bir ayağım kənddə olacaq. Bu mənə bütövlük üçün lazımdır: həm şəhər, həm kənd...

- Bir qədər utancaq adamsınız. O qədər şagirdin qarşısında necə qərar tutub dayana bilirsiniz?

- Utancaqlığım qalır, amma siniflə, şagirdlərlə bağlı kompleksim yoxdur. Daha çoxluq qarısında rahat oluram.

- Axır vaxtlar sanki baxış bucağınız da dəyişib, gözə görünməyən qüvvələrlə əlləşirsiniz...

- Elmi izahından danışmaq istəmirəm. Sırf həyatımla bağlı bölüşüm. Mənim yanımda yatmağa həmişə çəkiniblər. Çünki ayda bir-iki dəfə sayıqlayıram. Sonra həmin hadisələr həyata keçir. Bir neçə ay qabaq yuxu gördüm ki, rayonlardan birində sui-qəsd olacaq. Ölənlər olacaq. Amma rəhbər sağ qalacaq. Bunu Feysbukda paylaşmışdım. Gəncə hadisələri eynilə baş verdi...

Bir dəfə siyasilərdən, şərhçilərdən Rusiyanın durumu ilə bağlı açıqlama almışdılar. Mənsə yuxumu dedim. Rusiya ərazisini böyüdəcək, yeni torpaqlar birləşdirəcək. Hamı güldü mənə. Nəticəsi Ukrayna, Krım...

Sadəcə şair bolluğuna düşümüşdüm, bir neçə qızın qəlbini qırdım, içki, əyləncə məclisləri... Sanki yuxular onda məndən üz döndərdi. Qızlara qarşı davranışı, arağı atan kimi o yuxular yenidən məndən yapışdı. Bu barədə yüzlərlə misal gətirə bilərəm.

- Yuxularınla hərəkət edirsiz?

- Açığı, yuxalarıma inanmaq istəmirəm.

- Bir dəfə söhbətimizdə sizdən İsa peyğəmbər haqqında maraqlı fikirlər eşitmişdim. Səhv etmirəmsə, bu, İsanın azərbaycanlı olmağı ilə bağlı idi...

- Sadəcə yuxuda İsanı görmüşdüm. Mənə qəbrini göstərdi. Qəbri də varmış. Nar ağacının altını nişan verdi. O yuxudan sonra Cənubi Azərbaycanda mənə göstərdiyi həmin yerə getdim və doğrudan nar ağacı ilə rastlaşdım. Məkan yuxuda gördüyüm kimi idi. Araşdırmağa başladım. Doğrudan İsanın gəlişini baba, oğul, nəvə – üç maq xəbər verib. Bu barədə “İncil”də də məlumat var, eyni zamanda “Üç kral” əfsanəsində də.

Onları coğrafi anlamda azərbaycanlı adlandırmaq olar. Amma milliyyətcə yanaşmaq yersiz olar. Xalqların assimiliyasiyasını, köçləri nəzərə alsaq, fikrimcə, məkan olaraq cənub hələ də o kodları saxlayır. Sadəcə tarixçilər yanlışlığa yol veriblər, bu da dünyaya məlumdur. İsa eradan əvvəl 4-5-ci illərdə doğulub. Hazırda 2022-2023-cü ildir. Bunu alimlər sübut edib. O ki qaldı, dekabrın 31-i söhbətinə, alimlər aprel ayını nəzərdə tutsa da mənə görə, İsanın doğuluşu martın 20-dən 21-nə keçən gecədir.

İstənilən halda yuxularıma əsasən deyə bilərəm ki, İsanın ruhu qeybə çəkilib. Cismi isə dəfn olunub.

Bugünkü mehdilik söhbətləri, qızılbaşlıq, sufi və bu kimi fikirlər o kodları daşıyan insanların genetik yaddaşıdır.

- Uzun illər iddia edirdilər ki, yadplanetlilərin Xəzərin dibində bazası var. Yadplanetlilər hara, Azərbaycan hara?...

- Annunakinlərin gəlişiylə bağlı əfsanələr və ya şumerdən tapılmış tabletlərə əsasən fikir yürüdürlər. Şumerin özü də Mu qitəsindən qaynaqlanır. Amma qəribəsi odur ki, dünya alimlərinin əsas istinad etdiyi alimlərdən biri azərbaycanlı, yəhudi mənşəli Zaxari Sitçindir. İsa Muğanna Annunakinlərlə bağlı işarələr göstərirdi. Amma onun yazdıqları qarışıqdır, aydın seçmək olmur.

Biz kənar planetlərdə ola biləcək canlıları hökmən özümüz kimi təsəvvür edirik. Baxış bucağını dəyişmək lazımdır.

- Təkamülə inanmırsınız?

- Heç “Quran” da təkamülü inkar etmir. İnsanların təkamül baxışıyla mənim baxışım fərqlidir. İnsan təkamülü keçməkdə olan canlıdır. Hələ bizim təkamül eramız bitməyib. İnsan orqanizmi tam olaraq qida rasionunu, yaşam qaydasını mənimsəməyib. Bununçün min illər lazımdır. Bizim orqanizmlər hələ tam formalaşmayıb. İnsan tam olaraq Yer kürəsi canlısına çevrilməyib. Bu nə sondur, nə ortadır, nə də əvvəl.

- Kitabınızın adı maraqlıdır....

- Ötən il təsadüfən öz şeirimi yuxuda gördüm. Adını həmin şeirdən qoymaq istəyiridm. Bir neçə gün sonra Rusiyadan bir biznesmen mənimlə görüşmək istədiyini, kitabımı çıxarmaq arzusunu bildirdi. Adınısa məhz yuxuda gördüyümü dedi. Təəccübləndim. Elə də etdim. Kitab çıxandan sonra “Quran”ı oxuyurdum və baxdım ki, kitabın adı “Quran ayəsi”dir.

- Yuxuda şeir yazırsınız?

- Əsas tapıntılar yuxularımdandır. Oyandıqdan sonra şeir halına salıram.

- Təxəllüsünüzün mənası nədir?

- Sentyabrın 8-i doğulmuşam, ad günümsə 1 oktyabrdadır. Atam şair olduğundan adımı İmadəddin Nəsiminin şərəfinə Nəsimi qoyub. 23 gün adım Nəsimi olub. Babam deyib ki, o kafirin adını uşağa qoymayacam. Axırda sənəd götürəndə Məhəmməd peyğəmbərin adlarından biri olan Əmini mənə Emin kimi yazdırıblar. Piri isə soyadımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər