“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Balaxanı Sənaye Parkının rezident şirkəti “AzEkol” MMC və “EkoSfera” İctimai Birliyi tərəfindən təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu vurğulamaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 m3 tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Qeyd edək ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.