13 Avqust 2018 15:37
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının bir neçə rayonunda tikinti sahəsində qanunsuzluq aşkarlanıb.

Teleqraf.com-un məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla, ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır.

Eyni zamanda bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında keçirilmiş yoxlamalar zamanı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılmasının işlənilməsi, həmin şəhərsalma əsaslandırılmasının Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılması və müvafiq dövlət orqanları tərəfindən rəylərin verilməsinə baxmayaraq, həmin tikintilərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib, rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməməsi, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər