2 Oktyabr 2018 14:25
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasında “Elm haqqında” qanunun müzakirəsi zamanı Fazil Mustafa “Azərbaycan universitetləri mütəxəssis yetişdirmir. Tibb Universitetini bitirənlər sərbəst həkim işləmir, gedib Türkiyədə rezidenturanı bitirirlər” ifadəsini işlədib.

Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında deyib ki, millət vəkili Fazil Mustafanın ali təhsil müəssisələrimiz barəsində söylədiyi fikirlər həqiqəti əks etdirir: ”Həqiqətən son illər ali məktəbi bitirib əmək bazarına daxil olan məzunların nəticələrinə baxanda onların müasir dövrün standartlarına cavab vermədiyini görürük. Çünki ali təhsil müəssisələrinin tədris proqramçıları XX əsrin 80-90-cı illərində qalıb. Ali məktəblər keyfiyyətli kadr hazırlığında maraqlı deyil. Onlar məzunlarının sonrakı fəaliyyətini izləmirlər”.

Kamran Əsədov qeyd edib ki, çıxış yolu ali təhsil müəssisələrinin bağlanmasında deyil: “Onsuz da ölkəmizdə ali təhsilli insanların sayı azdır. Ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsil alıb, bu isə hər min nəfərə 124 ali təhsilli vətəndaş deməkdir. Bu faiz dünyada qəbul edilmiş normalardan aşağıdır.

Məsələdə çıxış yolu ali təhsil məktəblərində keyfiyyətin qaldırılması ola bilər. Bunun üçün universitetləri dünyanı bilən şəxslər, menecerlər idarə etməlidir. Universitetlərin infrastrukturu, laboratoriyaları müasir standartlara uyğunlaşdırılmalıdır.

Ali təhsil müəssisələri kadr hazırlığını müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən səviyyədə qurmalı, son illərdə nəşr olunmuş dərsliklərdən, elmi tədqiqat işlərindən istifadə etməlidir.

Bu gün ölkədə fəaliyyət göstərən 50-dən çox universitetimizin dünyanın reytinqli ilk min universitet arasında olmaması Fazil bəyin narahatlığını təsdiqləyir.

Universitetlərimizin dünya reytinq siyahılarında yer tutmaması ölkəmizə gələn xarici tələbələrin də sayına təsir göstərir.

Hazırda Azərbaycanın 54 ali məktəbində 5400 nəfər xarici tələbə təhsil alır. Halbuki qardaş Türkiyənin 180 universitetində təhsil alan xarici tələbələrin sayı 900 min, Sinqapurun iki universitetində təhsil alan xarici tələbələrin sayı isə 80 min nəfərdir”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər