Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub.
Teleqraf.com xəbər verir ki, “Dünya yuxutək əriyir...” şeirlər kitabının “Ön söz”ünün müəllifi Azərbaycan Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur.
Tədbiri giriş sözü ilə açan Avrasiya Mədəniyyət Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov qonaqları salamlayıb və kitab haqqında məlumat verib.
Nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolina Valton və Anna Mariya Cekson çeviriblər.
Tədbirdə kitabın redaktoru və tərcüməçisi Karolin Valton çıxış edərək deyib: “Bu vaxta qədər Leyla Əliyevanın yaradıcılığı haqqında heç bir məlumatım yox idi, lakin şeirlərinin tərcüməsi zamanı onun və Azərbaycan poeziyasının necə zəngin və dərin olduğunu anladım. Şeirlərin tərcüməsi zamanı çox böyük zövq aldım, Leyla Əliyevanın necə aydın və çoxşaxəli yaradıcılığının olduğunu gördüm. Onun çox gənc olması məni təəccübləndirdi. Leyla Əliyevanın başqa əsərləri ilə də tanış olmaq istəyirəm”.
Daha sonra tərcüməçi kitabdan bir neçə şeir oxuyub və dinləyicilərin suallarını cavablandırıb.
Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq ingilis oxucularına çatdırılır.
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.