16 Oktyabr 2018 17:31
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək.

Bu sözləri Teleqraf.com-a “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tural Səfərov deyib.

Onun sözlərinə görə, ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir: “Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Bu fabrikdə təmiz yun, yun-iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.

Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, bundan başqa, özəl xalçaçılıq müəssisələrinin yun-ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.

Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir. 2019-cu ildə Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq.

Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı qəbul olunacaq.

Əhalidən və təsərrüfatlardan yun alınarkən xalça toxunması üçün iplik istehsalına yararlı yun tədarük ediləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcək. “Azərxalça” yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Tədarükçülər kurslarda yun qəbulunun bu incəliklərini öyrənəcəklər”.

Qeyd edək ki, Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqlərinin yaradılması ölkəmizdə heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. İndiyədək fermerlər qoyun sürülərindən əldə etdikləri yunu satmaq üçün heç bir ünvan tapa bilmirdilər. “Azərxalça”nın yun tədarükü məntəqələri bu problemi kökündən həll edəcək.


Müəllif: Aytən Yusifova