Teleqraf.com politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir:
- Rasim müəllim, Yaxın Şərq yenidən qarışır. Səudiyyəli jurnalistin qəddarlıqla öldürülməsindən sonra sanki ərəb dünyası yenidən çalxalanır...
- Yaxın Şərq deyəndə əsasən, ərəb dünyasını nəzərdə tutmalıyıq. Əslində ərəb ölkələri səviyyə baxımından rəngarəngdir. Məsələn, Səudiyyə Ərəbistanı digər ərəb ölkələrindən tamamilə fərqlənir. Digər ərəb ölkələri inqilablardan, respublika idarəçiliyi kimi proseslərdən keçib. Əbdül Nasir kimi görkəmli şəxslər gəlib-gedib. Elə Səddam Hüseyni götürək. Bu saat İraqda əhalinin çoxu deyir ki, Səddam öz hakimiyyəti ilə yanaşı, bizi və İraqı da qoruyurdu. Ərəb dünyasında güclü şəxsiyyətlər gedəndən sonra bu coğrafiya uçuruma addımlayır. Üstəlik, çox şeylər dəyişilib. Mən, bu fikirləri Səddam Hüseynlə bağlamaq niyyətində deyiləm. Amma o həqiqətdir ki, ərəb dünyasında pozitiv proseslər daha çox zamanında mövcud olan ikitərəfli beynəlxalq münasibətlərin fəlsəfəsinə söykənirdi. Mən, zamanında ərəb problemləri ilə ciddi maraqlanmışam. O zaman belə fikirlər vardı ki, ərəb ölkələri düz yolla addımlayır, ciddi dəyişikliklər olacaq. Yəni 1950-ci ildən 1970-ci ilə qədər müsəlman dünyasında siyasi baxımdan canlanma prosesi gedirdi. Sonra dünya dəyişildi. SSRİ-nin dağılması ərəb dünyasının siyasi inkişafa arxalanan arqumentini aradan qaldırdı və böyük coğrafiyada boşluq yarandı. Məncə, indi proses daha sürətlə davam edəcək. Nəzərə alaq ki, son illər ərəb dünyası ölkələrində siyasi dəyişikliklər baş verib, amma təəssüf ki, bu siyasi, şəxsiyyət, ideya mübarizəsi deyil, neft davasıdır. Region kimin nəzarətinə keçsə, bununla da məsələ bitəcək. Hazırda ABŞ regionda öz mövqelərini möhkəmləndirir. Ərəb dünyası, insanlar da sanki yiyəsiz qalıb. SSRİ mövcud olduğu dövrdə ziddiyyətlər olsa da, hər halda ABŞ özünü bu regionda o qədər sərbəst hiss edə bilmirdi. Üstəlik Fransa, İngiltərə kimi ölkələr də regiona girişmişdi. İndi Yaxın Şərq siyasətində bu amillər mövcud deyil. Təəssüflər olsun ki, indi ərəb regionunda nə güclü siyasi hərəkat var, nə güclü şəxsiyyətlər var, nə də ki, yeni ideyalar var. Odur ki, müşahidə etdiyimiz proses davam edəcək. Üstəlik 1970-ci illərə qədər ərəb dünyasında yaxınlaşma, birləşmə prosesi gedirdi və bunun da əhəmiyyətli tərəfləri, üstünlükləri vardı. İndi bu reallıq da yoxdur.
- Jurnalist Camal Qaşıqçının Səudiyyədən gələn xüsusi qrup tərəfindən qəddarlıqla öldürülməsi versiyası nə dərəcədə həqiqətə uyğundur?
- Hələlik jurnalistin mişarla doğranıldığı haqda fikirlər səslənir, ancaq bu, sübut edilməyib. Qəddarlıq məsələsinə gəldikdə deyim ki, bu, qəribə haldır. Məncə, bu ölümün arxasında ciddi siyasi məqsədlər durur. Bilmək lazımdır, niyə qəfildən belə bir hadisə baş verdi? Jurnalistin öldürülməsi dünyada bir nömrəli hadisə oldu, hər şey yaddan çıxdı və indi dünya mətbuatı ancaq bundan yazır. Fikrimcə, Camal Qaşıqçının öldürülməsi əvvəlcədən hazırlanıb. Bunun da nəticəsi olaraq ərəb ölkələrində dəyişikliklər baş verəcək.
- Səudiyyədə də?
- Bəli. Bilirsiniz, Səudiyyə Ərəbistanı çox konservativ nöqtə kimi qəbul olunur. Mən demirəm ki, bu hadisə nəticəsində Səudiyyədə hakimiyyət dəyişəcək. Hakim klan yerində qalacaq, amma yeni şəxslər siyasət meydanına çıxacaq.
- Kralın özü Camal Qaşıqçının ölümü haqda göstəriş verə bilərmi?
- Mən bunu real hesab etmirəm. Kralın nəyinə lazımdır ki, belə bir göstəriş versin. Və ya göstəriş varsa, Qaşıqçı niyə konsulluqda öldürülür? Məncə, bu işə elə qüvvələr qarışıb ki, onlar bunun nəticəsində irəliləmək istəyir. Unutmayın ki, adam öldürmək, kimisə aradan götürmək ərəb ölkələrində asan işdir. Qaşıqçı birinci və sonuncu jurnalist deyil ki, öldürülür. Belə hallar daim baş verir. Hətta diplomatlar belə öldürülür. Lakin bu şəkildə öldürmək onu göstərir ki, hadisə idarə olunandır. Yəni təsadüfi baş verməyib. Jurnalistin öldürülməsindən sonra baş verəcək proseslərdə hər şey açıq görünəcək. Bundan sonra Səudiyyədə ciddi dəyişikliklər baş verəcək. Jurnalist deyil, adi insan olsun. Konsulluqda adam öldürərlər? Bu, böyük biabırçılıqdır, ağlasığmaz hadisədir. Əgər bunu öldürmək istəyirsənsə, daha konsulluğa niyə dəvət edib orada məqsədinə çatırsan? Hər kəs də bilir ki, jurnalist konsulluğa daxil olanda fotosu çəkilir, ora tək getməyib, videokameralar var və s. Ağlasığmaz olaydır. Odur ki, bu prosesdə bir neçə siyasi qüvvənin gizli hərəkətləri hiss edilir.
- Nəticədə Səudiyyə Ərəbistanının daha vəhşi obrazı yaradılır?
- Tamamilə haqlısınız. Hazırda dünyada əsas müzakirə jurnalistin ölümü ətrafında gedir. Məncə, indi Səudiyyə klanının özü çıxılmaz vəziyyətə düşüb. Bu hadisənin altından çıxmaq çox çətindir.
- ABŞ Prezidenti Donald Trampın da hadisəyə dair mövqeyi səsləndirildi...
- Məncə, Tramp hadisəyə yumşaq reaksiya verdi. Bilirsinizmi, ərəb ölkələri arasında daim liderlik uğrunda mübarizə olub. İndi də var. Faktiki neçə müddətdir ki, Səudiyyə önə çıxmışdı və onların da ABŞ-la xüsusi münasibətləri var. Tramp hakimiyyətə gəldikdən sonra 100 milyardlıq silah müqaviləsi imzalandı. İndi hansısa qüvvələr həm də çalışır ki, Səudiyyəni ABŞ-dan uzaqlaşdırsın. Bu amil də özünü göstərir. Nəzərə alın ki, heç bir ərəb ölkəsinin ABŞ-la belə bir münasibəti yoxdur. İsraili çıxmaq şərti ilə. İsrail ərəb dövləti olmasa da, Yaxın Şərqdə yerləşir və ABŞ-la münasibətlərdə xüsusi yer tutur. Onu da qeyd edim ki, Səudiyyə Ərəbistanı bir müddət roldan çıxarılıb. Yəni buna qədər oynadığı rolu oynaya bilməyəcək. Məşhur yanaşma var: “bu ölüm kimə xeyir etdi?” Bu prosesdə udan ancaq İsraildir. Bu amil də var. Uduzan isə bütövlükdə ərəb regionudur, xüsusilə indiki ərəb aləmində mühüm rol oynayan Səudiyyə Ərəbistanıdır.
- Tarixi nümunələr var. Adətən məşhur jurnalistlərin öldürülməsindən sonra ölkələrdə hakimiyyət dəyişir. Məsələn, illər əvvəl Ukraynada jurnalist Qonqadze öldürüldü, sonra hakimiyyətə Yuşşenko gəldi...
- Ona görə deyirəm ki, Səudiyyədə böyük proseslər olacaq. Sadəcə olaraq, belə məşhur jurnalistlərdən proseslərdə istifadə edirlər. Əslində isə belə hadisələri gözə çarpmayan, amma baş verəcək tendensiyalarla əlaqələndirməliyik. Biz bu istiqamətə diqqət etməliyik. Jurnalistin ölümü təsadüfi hadisə deyil. Əgər, biz “jurnalist nəsə yazıb və buna görə onu vurublar” düşüncəsi ilə hərəkət etsək, mətləbdən və hazırda gözə çarpmayan tendensiyalardan uzaqlaşacağıq.
- Camal Qaşıqçını öldürənlər layiq olduqları cəzanı alacaq, yoxsa bunu müəyyən etmək mümkün olmayacaq?
- Əgər istəsələr, qatilləri taparlar. Ancaq elə hal baş verə bilər ki, məsələn, qatili axtaranlar elə cinayətkarların arasında ola bilər. Bu, çətin məsələdir. Ancaq real axtarışlar həqiqəti ortaya çıxara bilər. İş ondadır ki, bu cinayətin məsuliyyəti Səudiyyə Ərəbistanı klanının üzərində qalacaq. Sadəcə Səudiyyəni idarə edən qüvvələrin belə məsələləri ört-basdır etmək imkanları yarana bilər. Trampın Kral Salmanla söhbəti, onun reaksiyasına diqqət etmək lazımdır. ABŞ-ın reaksiyasını diqqətlə təhlil etmək lazımdır. Çünki ABŞ-dan çox şey asılı olur. Heç kimə sirr deyil ki, ABŞ Səudiyyə kimi mühüm dostunu itirmək istəməz. Yüz milyardlıq kontraktlar imzalanıb. Düzdür, siyasi və hərbi baxımdan Səudiyyənin imkanları geniş deyil. Onun Misirlə müqayisədə güclü ordusu yoxdur. Amma buna rəğmən, Səudiyyə ərəb aləmində həm gizli, həm də aşkar şəkildə mühüm rol oynayır.
- Maraqlıdır, bir müddət əvvəl Tramp bəyan etdi ki, Səudiyyəni biz qoruyuruq və buna görə bizə pul vermədilər. Vəliəhd Məhəmməd bin Salman buna cavab olaraq dedi ki, onların heç kimə borcu yoxdur və pul ödəmək niyyətində də deyillər. Sonda da Camal Qaşıqçı öldürüldü...
- Məncə, bu hadisələrin üst-üstə düşməsi təsadüfdür. Münasibətlərdə belə hal yarananda jurnalisti dəvət edib konsulluqda öldürmürlər. Ancaq fakt odur ki, bu hadisədən sonra Səudiyyə sanki ABŞ-dan bir qədər də asılı duruma düşdü və onu vəziyyətdən ABŞ çıxara bilər. Ümumən Səudiyyə klanı ABŞ-la o qədər əlaqəlidir ki, bütün ərəb jurnalistləri yığıb öldürsən, bu münasibətlərə təsir etməz. Səudiyyə 3-5-10 il əvvəl deyil, lap çoxdan ABŞ-la əlaqələr qurub. Söhbət sıx və qədim əlaqələrdən gedir. Bilirsinizmi, jurnalistin ölüm hadisəsinin ətrafında çoxlu versiyalar qurmaq olar və hər versiya da həqiqətə yaxın ola bilər. Ancaq faktların açıqlanması daha vacibdir.