18 Oktyabr 2018 21:07
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, dünya əhalisi 2050-ci ilədək 2,2 milyard nəfər artacaq və əsrin ortalarında mavi planetdə 10 milyarda yaxın insan yaşayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı fondun direktoru Monika Ferrero Cenevrədə təqdim olunan hesabatda açıqlayıb.

Təşkilatın hesabatında qeyd edilir ki, göstərilən dövrdə dünya əhalisinin artımının yarısı – 1,3 milyard nəfər Subsahara regionunun payına düşəcək. Hazırda dünya əhalisinin 17 faizinin yaşadığı Afrikada əsrin ortalarında dünya əhalisinin 26 faizi məskunlaşmış olacaq. Saharadan cənubda yerləşən Afrika ölkələrində əhalinin tibbi sığorta və maariflənmə səviyyəsi, qadın hüquqlarının vəziyyəti və digər məsələlər demoqrafik artım fonunda yaxın onilliklərdə daha ciddi vəziyyət ala bilər. Eyni zamanda, silahlı münaqişələr, təbii fəlakətlər, siyasi qeyri-sabitlik və əhalinin sürətli artımı bu regionda böhranların sayını artıra və əhalinin ərzaqla təminatını çətinləşdirə bilər.

Monika Ferrero əlavə edib ki, müasir tendensiya ilə aztərkibli ailələr gələcəkdə daha üstünlük təşkil edəcəklər. Hər gün dünya əhalisi orta hesabla 250 min nəfər artır və hər qadına ortalama 2,5 uşaq doğumu düşür. İnkişaf etmiş ölkələrdə yeni doğulan körpələrin sayı aşağı olsa da, Afrikada bu rəqəm hər qadına 7,5 uşağa qədər (Nigeriya) düşür. Dünyanın 43 ölkəsində hər bir qadın azı dörd uşaq dünyaya gətirirsə, həmin ölkələrin 38-i Afrikanın payına düşür.

Təşkilatın proqnozunda həmçinin qeyd edilib ki, tendensiya bu cür davam edəcəyi halda 2100-cü ilədək dünya əhalisinin sayı 11 milyarda çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər