“Musiqiçilərin dilində ən çox pozuntu dialektlərin işlədilməsidir. Bununla yanaşı, sözlərin yazı qaydasına uyğun tələffüzü də aşkarlanan pozuntular arasındadır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva Musiqi ifaçıları və ədəbi dil normasının gözlənilməsi ilə bağlı monitorinqin nəticələrini təqdim edərkən deyib.
Onun sözlərinə görə, monitorinq nəticəsində musiqiçilərin qüsurlarının 13 faizi fərdi, 30 faiz yazı normasına uyğun tələffüz, 33 orfoepik normanın qanunlarına əməl edilməməsi, 57 faiz isə dialekt qüsurlarının saxlanılmasıdır. Bu səhvlərin hamısı eyni janrda üstünlük təşkil etmir. Dialekt əsasən rep, meyxana janrında təsadüf olunur.
N.Qazıyeva bildirib ki, estrada - pop, meyxana, aşıq musiqisi, muğam ifaçılarının dili monitorinqə cəlb edilib:
“Monitorinq zamanı müğənnilərin dilində əsasən tələffüz qaydalarına əməl etmədiyi aydın görünür. Müğənnilər elə düşünür ki, necə yazılıbsa, elə də tələffüz edilməlidir. Bunu bir çox müğənninin ifasında müşahidə edə bilirik. İlqar Sahil ifasında dialekt şivələrə rast gəlinir. O, əsasən Bakı dialektlərindən istifadə edib.
Muğam ifaçısı Elnarə Abdullayeva sözləri bəzi hallarda Şirvan ləhcəsində tələffüz edir, Aşıq Telinin ifasında dialekt, Aşıq Əlinin ifasında intonasiya pozuntusu və dialekt sözlərə rast gəlinir. Müğənni Eyyub Yaqubovun ifasında isə Bakı ləhcəsində tələffüzə rast gəlinib”.
N.Qazıyeva bildirib ki, həm aparıcı, həm musiqiçilərimiz sözün sonunda samit cingiltili olsa ondan sonra samit və ya samitlə başlanan söz gəlsə də cingiltili tələffüz edilir:
“Halbuki, bu halda cingiltili samit kar kimi tələffüz edilməlidir. Bu, həm də musiqiçi üçün də zərərlidir, boğaz həddən artıq yüklənir. Məsələn, müğənni Röyanın ifasında bu hala rast gəldik. Brilliant Dadaşova, Zülfiyyə Xanbabayevanın ifasında söz sonluğunun pozulmasına rast gəlinir. Bu, orfoepik norma baxımından da doğru deyil. Musiqiçilərin ifasında artikulyasiya pozuntulara da rast gəldik. Onu da xüsusi olaraq vurğulamalıyam ki, bu problem fərdidir, onu aradan qaldırmaq mümkündür. Bu pozuntulara yol verənlər öz nitqində bu qüsuru eşidirsə, onu düzəldə bilər. Müğənni Üzeyirin ifasında bu pozuntuya daha çox rast gəlirik, “c” samiti “ç” kimi tələffüz edilir. Müğənnilərin ifasında vurğu, intonasiya ilə bağlı da kifayət qədər qüsurlara rast gəlinir. Müğənni Şəbnəm Tovuzlu, Fədayə Laçın, Aşıq Zülfiyyənin ifasında bu pozuntular müşahidə edilir”.