Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Evində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib və “Azərbaycanın müstəqillik yolu” adlı videoçarx nümayiş etdirilib.
Tədbiri açan Azərbaycan Evi Mədəniyyət və Dostuq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar qonaqlara Azərbaycanın müstəqillik gününün tarixindən danışıb. O deyib ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Daha sonra gürcü əsilli antropoloq və etnoqraf, İngiltərənin ən məşhur universitetlərində dərs demiş Tamara Draqadze çıxış edib. O, Azərbaycanın müstəqilliyini bərpa etməsindən, o dövrdə yaşanmış problemlərdən danışıb və qonaqların suallarını cavablandırıb.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları Günel Səlimova və Ramin Ələkbərov, həmçinin London Universitet Kollecinin məzunu Turan Qafarlı müstəqillik günü ilə bağlı fikirlərini bölüşüblər.