Son zamanlar bədəninin müxtəlif yerlərinə döymə döydürmüş insanlara tez- tez rast gəlinir. Getdikcə döyməyə (tatuya) marağın artmasına baxmayaraq, bu işi professional bacaran adamlar azdır. Onlardan biri “Yuxu “ qrupunun üzvü, zərb alətlərinin ifaçısı, neçə illərdir tatu ilə məşğul olan Çingiz Eyvazovdur.
O deyir ki, tatu sahəsində naşı əlinə düşmək sağlamlıq üçün təhlükəlidir.
Beləliklə, həmsöhbətimizlə tatunun sirləri haqqında danışacağıq.
Söhbətə keçməmişdən qabaq qeyd edim ki, bədən bəzəmə sənəti olan tatunun tarixi kökləri qədim Misirə gedib çıxır. Araşdırmaçılar tatunun o dövrün kölələrinə vurulduğunu iddia edirlər. Xristianlıq incəsənətin bu növünü qadağan etsə də, Qədim Roma və Yunanıstanda məhbuslara, kölələrə, günahkarlara tatu vurulurdu.
Bəzi xristianlar isə bədənlərində İsanın simasını, xaçı əks etdirən tatular gəzdirirdilər. Bundan başqa, qədim Hindistanda, Afrikanın müxtəlif bölgələrində tatudan mənfi enerjidən, pis ruhlardan qurtulmaq üçün istifadə olunurdu. Həmsöhbətim ilk öncə Türkiyədə, sonra isə Azərbaycanda 20 ildən çoxdur bu işlə məşğul olur.
Çingiz Eyvazov beş ilə yaxınıdır Bakıda işləyir.
- Sizdə tatuya maraq haradan yaranıb?
- Uşaqlıqdan tatuya maraq göstərirdim. Hətta özümə bir-iki döymə də eləmişdim. Bizdən böyüklərdə görürdüm və maraqlanırdım. Uşaq vaxtından rəsm çəkməyə meylli olmuşam. Bu işi öz-özümə öyrəndim.
- Bunun üçün yaradıcılıq və ya başqa qabiliyyət olmalıdırmı?
- Mütləq rəsm bacarığı, bilgisi olmalıdır. Onu da deyim ki, elə insanlar var, yaxşı rəsm çəkir, amma döymə edə bilmir. Bunun üçün də zaman lazımdır. Tatunu öyrənmək üçün insanlar illərini verir. Bu işin incəlikləri çoxdur. Heç bir yeri oxumadan, kimsədən öyrənmədən, heç kimin yanında şagird dayanmadan insan özü bu sirri aça bilirsə, deməli, o, özbaşına usta olub. O vaxtlar heç internet də yox idi, mən özüm öyrəndim.
- Bu, çox yayılan sahə deyil, öyrənmək çətin olmadımı?
- İnsan meyl etdiyi sənətin dərinliklərini, incəliklərini öyrənməlidir. Hər hansı rəsm çəkildiyi zaman incəliklərə fikir verməlidir. Çəkdiyin rəsmin, vurduğun döymənin özəlliklərini yadda saxlamaq lazımdır ki, bu dəfə belə etdinsə, gələn dəfə başqa cür edə biləsən. Bunların hamısını əzbərləyə-əzbərləyə öyrənirsən. Həm də döymə etdirənə “bu alınmadı” demək olmur...
- Səhv etdiyiniz döymə olubmu?
- Bəzən səhv olur, amma onları müştəri görüb hiss edə bilmir, onu sadəcə rəssam bilir. İş prosesində ya müştəri tərpənib, ya da səhv döyməçinin ovqatı ilə bağlı olub. Amma heç bir səhv nəticəsində qorxunc görüntü alınmır. Müştərini narahat edən bir şey olmur. Əlbəttə, tatu işində diqqətli olmaq şərtdir.
- Döymə elədir ki, insan dərisi üzərində işləyirsən, bunun çətinlikləri nədir?
- Dəri o tərəfə-bu tərəfə oynayır. İynə sürətli şəkildə işləyir və boyanı dərinin altına köçürür. İnsan azca tərpənsə, əyri çəkmək təhlükəsi yaranır.
- Ağrı verdiyi üçün bəziləri döymə etdirməkdən qorxur...
- Ağrısı var, amma bu, insandan-insana dəyişir. Sinirlər çox üzdə, oyanıq olanda, yəni əsəbi insanlarda ağrı daha çox olur.
- Tatu etdirənlər nə istəyirlər?
- Gələnlər müxtəlif olur. Hər kəsin öz düşüncəsinə, fikrinə görə rəsmlərlə tatu edirik. Kimisi xatirə olaraq edir. Döymə sevgi ilə, dava -dalaşla əlaqədar ola bilər. Bəzək üçün elətdirənlər də var. İnsanlar var ki, müxtəlif heyvan şəkilləri - it, pişik, canavar, əjdahanı döydürmək istəyir.
- Yönləndirdikləriniz olurmu?
- Olur. Baxırsan ki, düzgün seçim eləməyib. Bu döyməni elətdirsə, başı ağrıyacaq, sorğu-sual çox olacaq. İnsan həm də elətdirdiyi döymənin mənasını bilməlidir. Doğru seçim olmayanda təbii ki, yönləndiririk. Təklif olunan rəsmin daha yaxşı versiyasını təklif elədiyimiz hallar da az deyil.
- Deyirlər, döymə elətdirənlər fərqliliyi sevən insanlardır...
- Bu da bir maraqdır. Elə insanlar var, bədənində daha da çox döymə olmasını istəyir. Fərqlənmək budur. Hətta üzərində yer qoymayanlar da olur. Bu da onları başqa insanlardan fərqləndirir.
- Əvvəllər kimdəsə döymə görəndə həbsxanadan çıxdığı fikri yaranırdı. Bu fikir indi də varmı?
- O düşüncələr hələ də yaşayır. Amma insanların hamısı eyni fikirdə deyil.
- Niyə ən çox həbsxanalarda döymə edirdilər?
- O cür döymələrin özəl səbəbləri olur. Hansı günaha görə həbsə düşübsə, simvolik olaraq onu elətdirənlər var. Bu döymələr məhbusun öz dünyasının şəklidir.
- Bayraq, gerb kimi simvollar, vətənpərvərlik istiqamətində döymə elətdirən olurmu?
- Əlbəttə. Bu yaxınlarda biri gerbi tatu etdirdi.
- Daha çox hansı bədən üzvünə döymə elətdirirlər?
- Ən çox qola və biləyə, görünən yerə döymə istəyirlər. Görünməyən yerlərə də eləmək istəyənlər olur. Döymədən xoşu gəlir, üzərində olsun istəyir, amma utanır ki, bayırda qonum-qonşu nəsə deyər, türmədə yatdığını düşünərlər.
Yaxud ata-anasından çəkinib görünməyən yerlərə döymə elətdirənlərə də rast gəlirik. Sinəsinə, gizli bölgələrə də döymə eləmişəm. Yaraların, kəsiklərin izlərini itiririk.
- Hansı yaşda döymə eləmək olar?
- Yaşı 18-dən aşağılara döymə eləmirik. Yalnız valideynin gəlməsi şərtilə mümkündür. Hətta kimliyi də yoxlayırıq, ola bilər, yoldan birini tutub gətirər ki, atamdır. 18 yaşından yuxarılara problem yoxdur. Onların fikir və düşüncələrini bədənlərinə həkk edirik.
- Hər hansı xəstəlik vamı ki, ona döymə etmək olmaz?
- Yox, sadəcə ağrı məsələsi var, bu da dəhşətli deyil, dözülə biləsi ağrıdır. Uzağı qanda şəkər aşağı düşə bilər ki, onu da anında hiss edirik, baxırıq ki, bədən soyumağa başladı, şirin su, şokolad veririk. Amma Türkiyədə işləyəndə şəkər xəstəsi olan, dəri xəstəliyi olanlar da yanıma gəlib. Onların həkimləri də icazə verib ki, bunun xəstəliklə əlaqəsi yoxdur.
Şəkərdə yara gec sağalır deyirlər. Amma şəkəri olan insanlara o qədər döymə etmişik ki, qadınlara qaş eləmişik, adi krem sürtüb sağalıb.
- Döymə elətdirmək neçə gün çəkir?
- İşin həcminə görə dəyişir. Məsələn, qolun yarısını bir günə bitirmək olar, 7-8 saatlıq işdir. Böyük işlərə görə böyük iynələr var, belə iynələrlə işi daha tez icra edirik.
- Bəs proses başa çatandan sonra, döymə olunan bədən bölgəsini qorumaq üçün nə etmək lazımdır?
- Döymədən sonra hər şey yeyib-içə bilərsiniz. Amma spirtli içki olmaz, çünki spirt qana təsir etdiyi üçün yara gec sağala bilər. Yuyunmaq olar, ancaq həmin bölgəyə bir ay kisə sürtmək olmaz. Qabıq atdıqdan sonra, yəni bir həftə, uzağı 10 gün keçmiş yüngül süngərlə yumağa icazə var. Həssas dərilərdə sağalma ləng gedir.
- Soyuq təsir edirmi?
- İnsan bədənində hər hansı yara olanda soyuqda sızıldayır. Döymə elətdirən insandan da çox şey asılıdır. Öz təmizliyinə fikir verməyən, pinti biri olarsa, iltihab da baş verə bilər. Biz onların qabağında iynələri paketdən açırıq, başa sala-sala döymə edirik.
- Bir ara belə şayiə yayılmışdı ki, döymə müxtəlif xəstəliklər yaradır.
- Professional usta əsla o səhvə yol verməz. Həm öz adına, həm də həmin insana ziyandır. Peşəkar döyməçi hər şeyi təmiz etməlidir. Amma təzə başlayan, heç bir şey oxumamış, bilməmiş usta eyni iynə ilə bir-iki nəfərə döymə edərsə, əlbəttə, xəstəliyi keçirə bilərlər.
İynələr, iynələrin ucları mütləq dəyişdirilməlidir. Maşınkanın tutacağı steril olunmalıdır.
İnstaqramda, feysbukda mənə mesaj yazırlar ki, tatunu neçəyə edərsiniz? Buna çox əsəbləşirəm. Başa düşürəm büdcəniz üçün qiymətlə maraqlanırsınız, amma sağlığınız üçün də maraqlanın ki, steril şərtlər necədir, təmizlik varmı? Kim ucuz edirsə, tez onun yanına qaçırlar.
- Yeri gəlmişkən, sizdə qiymətlər necədir?
- Kiçik döymələr 50 manatdan başlayır. Həcmə və rəsmin çətinliyinə görə qiymət dəyişir.
- Ən baha döyməniz hansı olub?
- Ən bahalısı Türkiyədə olub və 7-8 min dollara başa gəlib. Bu döymə qolların arxasına qədər böyük kürək işi idi.
- Qadınların tatu elətdirməsinə münasibət necədir?
- Müasir insanlar buna pis baxmır. Rusiyada, Türkiyədə, xarici ölkələrdə yaşayan, özləri döymə elətdirən insanlar qızlarının tatu elətdirməsini normal qarşılayır. Dini inancı olan bəzi insanlar buna pis baxır. Hamımız müsəlmanıq, amma dini baxımdan döymə sadəcə ağrı çəkdirmə məsələsində günahdır. Dərinin altına boya enjekt etmək nə namaz, nə də dəstəmazı pozur.
Türkiyədə tatu daha geniş yayılıb, dövlətə vergi verilir, ona görə də bu məsələyə cəmiyyətin münasibəti birmənalıdır.
- Ümumiyyətlə, tatuya qadınların marağı necədir?
- Gələn qadınlar xüsusilə öz körpələrinin adlarını tatu etdirirlər. Sonsuzluq işarəsi qoyduranlar da var. Azərbaycanda döymə çoxdan var, amma qadınlar açıq, sərbəst şəkildə döymə daşıya bilmirlər. Elətdirmək istəyənlər də ətrafdan çəkinir, utanırlar.
Gizli döymə eləmək istəyənlərlə oturub danışırıq ki, sonra peşman olmasınlar, düşünüb qərar versinlər.
- Döyməni tamamilə bədəndən silmək mümkündürmü?
- Onu tamamilə dəridən çıxarmaq lazerlə mümkündür. Bəli, bu yolla tatu tamamilə silinir, heç bir izi qalmır.
- Sevgi motivilə edilən döymələri sonradan dəyişmək istəyənlər də olur...
- Biz onu dəyişirik. 10-15 gün keçən kimi, hətta səhəri döyməni dəyişmək istəyənlər olub.
- Hansı boyalardan istifadə edirsiniz?
- Mənim boyalarım ən yaxşı markadır. ABŞ məhsuludur.
- Yanınıza gəlib döymə etməyi öyrənmək istəyənlər varmı?
- Əlbəttə. Öyrətmək üçün də vaxt və büdcə lazımdır. Ən çox qışda öyrədirik, çünki qışda bu sahədə nisbətən durğunluq olur. Bir insanın tatunu yaxşı öyrənməsi üçün minimum beş il gərəkdir . Döyməçinin yanında durmaqla, prosesi izləməklə insan bu sənəti daha tez öyrənə bilər.
Bu sənəti öyrənmək mənim özümün uzun illərimi alıb. İstedadlı uşaqlar var ki, bir -iki dəfə deyəndə yadda saxlayırlar.
- Bu sadədə Türkiyə ilə Azərbaycanda hansı fərqlər var?
- Fərq çoxdur. Onlarda inkişaf bizdən güclüdür.
- Tatu elətdirmək istəyənlərə məsləhətləriniz nədir?
- Demək istərdim ki, təkcə qiymətlə yox, sağlıqla da maraqlansınlar. Döymə necə vurulur, kimin yanına getmək lazımdır, öyrənsinlər. Bu iş məcburi yox, zövq işidir. Naşı döyməçinin yanına gedib, qorxunc xəstəliyə tutulanda peşimançılıq fayda vermir.
Foto: Elnur Muxtar