29 Oktyabr 2018 21:19
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalistlər vətənə xidmət edirlər, bu sahə ilə məşğul olan insanları gözdən salmaq yolverilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı deyib.

O, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun reket fəaliyyətinə görə həbs edilməsini şərh edərkən bildirib ki, reket jurnalistikanın mövcudluğundan hər kəs, xüsusən də jurnalistlər əziyyət çəkir:

“Reketlik jurnalistikanın adına utanc gətirən, başımızı aşağı edən bir məsələdir. Çünki reket fəaliyyəti bu sahədə ömrünü verən, böyük fədakarlıqlar edən əsl jurnalistlərin də adına ləkə gətirir. Mən dəfələrlə bir çox yerlərdə şahidi olmuşam ki, bir reket jurnalistə görə az qala bütün jurnalistləri qaralayıblar. Bu insanları da qınamıram, çünki bir misal var: aşıq gördüyünü çağırar. Yəni bu cür dırnaqarası jurnalistlərin mövcudluğu bizim ümumi işimizə ciddi zərər vurur, fəaliyyətimizi gözdən salır”.

A.Camalqızı qeyd etdi ki, Azərbaycan Mətbuat Şurasının hər zaman belə fəaliyyətlərə qarşı mubarizə aparmasi sevindirici haldır. Bununla belə, reketliklə mübarizədə Mətbuat Şurasının bir o qədər də geniş səlahiyyəti yoxdur:

“Mən özüm də Şurada reket jurnalistika ilə mübarizə aparan komissiyasının üzvüyəm. Reketlər üçün bizim tərəfimizdən ən ağır cəza onları "qara siyahı"ya salmaq idi. Amma bu da problemin həlli demək deyildi. Tutaq ki, biz reketliklə məşğul olan bir media orqanını "qara siyahı"ya salırıq, sonra məlum olur ki, onların əlində bir yox, bir necə media vasitəsi, sayt var. Beləcə, onlar birinin fəaliyətini dayandırıb, digəri ilə hücuma keçirdilər. İnsanları şantaj etməkdə, qorxutmaqda, onlardan pul almaqda davam edirdilər. Bu da təbii ki, cinayət hadisəsidir. Düşünürəm ki, bunlardan biri olan “reallıq.info”nun rəhbəri İkram Rəhimovun həbsi bu baxımdan təqdirəlayiq hadisədir. Çünki adam fərqinə varmadan hər kəsi təhqir edirdi, aşağılayırdı, şantaj edirdi. Hətta onun bəzi yazılarında mən özüm də hədəf olmuşdum. Məni "Rusiyanın agenti" adlandırmışdı. Nə qədər absurd və gülməli olsa belə, yenə də bu adam bizim əsəblərimizlə oynayırdı. Heç kəsin həbsini arzulamasaq da, bu cür şəxslərin cəzalandırılması reketliklə mübarizə baxımından kifayət qədər müsbət haldır. Ən azından, onun reket yoldaşları bundan sonra atacaqları addımlarda diqqətli olacaqlar. Çünki bu işin, bu yolun sonu yoxdur. Bu gün reketçilik fəaliyyətinə görə bir neçə insan həbsdədir, azadlıqdan məhrum olunublar. Xüsusi xidmət orqanları tərəfindən reket jurnalistlərə qarşı görülən tədbirlər, nəhayət ki, onlara dərs olmalıdır”.

Aynur xanım əlavə etdi ki, jurnalistika başqa sahələrdə uğur qazana bilməyənlərin meydanı ola bilməz:

“Jurnalistika bizim ömrümüzü qoyduğmuz, çox sevdiyimiz bir sənət sahəsidir. Bu, mənim düşüncəmə görə, Vətənə xidmətdir. Bu gün jurnalistika ilə məşğul olan insanlar həm də vətənə xidmət edirlər, bu, hərbi xidmət kimi bir şeydir. Ona görə də bu sahəni, bu sahə ilə məşğul olan insanları gözdən salmaq yolverilməzdir. Bunu edənlər çox ciddi ictimai qınaqla qarşılanmalıdır. Eyni zamanda, bu insanlar qanun çərçivəsində cəzalandırılmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər