Hazırda dünyada cərrahiyyənin ən gəlirli sahəsi plastik cərrahiyyə hesab olunur. İnsanlar özlərinə güvənmək üçün xarici görünüşlərini, itmiş gözəllikərini bərpa etmək, bəzən də sağlamlıqlarına qovuşmaq məqsədilə plastik əməliyyat edirlər. Amma bəzən tam əksinə də ola bilir ki, bu da plastik cərrahlara qarşı inamsızlıq yaradır.
Bu istiqamətdə Teleqraf.com-un suallarını plastik cərrah Rəşad Babayev cavablandırıb.
- Rəşad həkim, plastik cərrahiyə sahəsində baş verən qalmaqallı hadisələr cərrahlara etibarı azaldıb, siz necə düşünürsünüz?
- Biz bütün cərrahlar bu sahədə ümumi iş görürük, beynəlxalq tədbirlərdə də bu məsələlər müzakirə olunur.
- Bəs riskli sahə olduğu üçün prinsipiniz nədir?
- Hər hansı bir risk varsa, biz həmin adamı əməliyyata almırıq. Mən həmişə deyirəm, elə bilirlər ki, anesteziya ikinci-üçüncü funksiyadır. Anestezoloqun öz məsuliyyəti var, əgər o deyirsə mən bu xəstəni əməliyyata götürə bilmərəm, məcbur etmirəm ki, mütləq əməliyyat edək.
Əksinə, sevinirik ki, xəstədə problemi vaxtında aşkarlaya bildik, yoxsa ağırlaşma sonradan baş verə bilərdi. Elə adam da var ki, öz xəstəliyini bizdən gizlədir. Heç bir xəstəliyim yoxdur, sadəcə estetik cəhətdən problemim var deyir. Biz bütün hallarda yenidən müayinə edir və baxırıq.
Biri var pasiyent estetik problem yaşasın, biri də var sonra xoşagəlməz problemlərlə rastlaşsın. Bu, xəstənin bizimlə nə qədər səmimi olmasından da asılıdır. Məsələn, eləsi olur, estetika üçün yanıma gəlir, müayinədən sonra məlum olur ki, onkoloji xəstəliyi varmış.
- Əslində kimlərə plastik cərrahiyə olmaz?
- Ümumən onkoloji xəstələrə estetik əməliyyat olmaz. Amma bir nüans var, süd vəzisinin onkoloji xəstəliyi ilə əməliyyat olunan qadını bir il sonra, yenidən süd vəzisini bərpa eləmək məqsədi ilə plastik əməliyyat edirik. Amma ürək-damar, tənəffüs sistemi kimi xəstələri əməliyyata almırıq. Mən spirtli içki aludəçisi olan xəstəni də əməliyyat etmirəm. Aşağı ətrafların dərin trompozu varsa, onda da əməliyyat riski böyükdür. Tromp qalxıb müəyyən mərkəzi sistemdə problem yarda bilər, onu da əməliyyata almıram.
- Deyirlər, sinədəki silikonlar xərçəng xəstəliyi yaradır?
- Bizim ölkəmizdə süd vəzisi protezlərini daşıyan xanımlar az olsa da digər ölkələrdə bu çoxluq təşkil edir. Misal üçün, Amerikada hər 100 xanımdan birində məmə protezi var. Araşdırmalar zamanı süd vəzisi protezinin bəd xassəli şiş yaratması aşkar edilməyib, bu, yanlış fikirdir.
Bizdə düşünürlər ki, ola bilər, Azərbaycanda qeyri-qanuni silikondan istifadə olunur. Azərbaycan səhiyyəsinə inanmayanlar üçün deyirəm, əgər silikonda onkoloji yön olsaydı, Ümumdünya Səhiyyə Təşkilatı ona icazə verərdimi ki, əməliyyatlar olunsun? Tibbi cəhətdən yanaşsaq, mən silikon qoyduqda 95 faiz hallarda süd vəzisinə toxunmuram. Bəs necə ola bilər ki, mənim əməliyyat etdiyim xəstədə süd vəzisi xərçəngi olsun? Dediyim kimi, biz əməliyyatdan qabaq xəstəni müayinə edirik. Elə qadın olur, onda vəzinin şişönü prosesi aşkarlanır. Gələcəkdə onkoloji xəstəliyə çevrilə bilən düyün varsa, onu da götürürəm. Hər bir xanım tibbi baxımdan maariflənməlidir. Süd vəzisində problem varsa, mütləq həkimə, ən azından ginekoloqun yanına getməli, müayinələrdən keçməlidir.
- Süd vəzisi protezi daşıyan xanımları ən çox narahat edən odur ki, uşaq əmizdirməsində problemlə qarşılana bilərmi?
- Müasir dövrdə istifadə olunan məmə protezləri bir ömür istifadə oluna, istənilən vaxt çıxarıla və ya dəyişdirilə bilər. Əmizdirmə zamanı anaya da mane olmaz.
- Son vaxtlar çipli protezlər daha çox yayılıb. Bu nədir, hansı üstünlüyə malikdir?
- Praktiki olaraq çipli protezin tərkibi istifadə etdiyimiz silikon protezlərinin tərkibi kimidir. Çipli silikonlar rəqəmsal şəxsiyyət kartı kimidir. Çip silikonun daxilində yerləşdirilir, orda onun həcmi, forması, xarıcı quruluşu, istehsal tarixi, yeri, silikonun seriya nömrəsi kimi məlumatlar olur. Bu məlumatları öyrənmək üçün xüsusi detektorun sinəyə yaxınlaşdırılması kifayət edir. Bu zaman hərarətı də ölçmək mümkündür ki, bu da erkən ağırlaşmaların qarşısını ala bilər
- Estetik əməliyyatlarda yaş məhdudiyyəti varmı? Hansı yaşdan başlayaraq estetik əməliyyat edirsiniz?
- Əgər anadangəlmə qüsurdursa, bir yaşa qədər də əməliyyata gedə bilərik, bir yaşdan yuxarı da. Amma sırf estetik əməliyyatlar insan tam həddi-buluğa çatandan sonra qazanılmış qüsurlar zamanı olunur. Bura insan yaşlandıqca yaranan problemlər də aiddir. Normalda yaş həddi 18 yaşdan yuxarı götürülür.
- Sizə ən çox kişilər, yoxsa qadınlar müraciət edir?
- Qadınlar gözəllik rəmzi kimi daim gündəmdədirlər deyə, onlar estetikə birmənalı olaraq daha çox müraciət edirlər.
- Ən çox əməliyyat olunan bölgələr hansılardır?
- Bu gün dünyanın hər yerində üçüncü yerdə süd vəzisi durur. Bizim ölkədə ən çox burun estetikidir. Çünki ona ailə də, ətrafındakılar da icazə verir. Süd vəzisinə bir az qısqanclıq, narazı yanaşanlar da var.
Ümumilikdə hər bölgə ilə bağlı müraciət edən var. Bura yaşla bağlı sallanmalar, qarın nahiyəsi, hamiləlikdən sonra problemlər də aiddir.
- Piylənmə ilə bağlı sizə müraciət edirlərmi?
- Plastik cərrahiyyədə yönlər başqadır. Bunu həmişə deyirik ki, bizim əməliyyatlar çəki salma əməliyyatı deyil. Bizim etdiyimiz əməliyyatlar bədənə sadəcə forma verir, onu nizama salır. Çəki salmaq üçün mədəkiçiltmə və başqa əməliyyatları edilir. Normal olaraq çəkiyə düşəndən sonra dəridə problem, qüsur varsa, onda biz korreksiya edərik.
- Gənc qızlar arasında yayılan “filankəsin burnu, ağzı məndə olsun” və ya tanınmış müğənniyə bənzəmək istəyənləri yönləndirirsinizmi?
- Onsuz da estetikdə müəyyən standartlar var, burda həndəsə bizə kömək edir. Bir insanın ağız, burun, alın bucağı, qarın forması, süd vəzisi nə formadadırsa, onlara uyğun korreksiya edirik. Müəyyən standartlardan kənara çıxmaq olmaz. “Üçüncü süd vəzisi istəyirəm” və ya “üçüncü göz istəyirəm” kimi arzular, əlbəttə, yerinə yetirilə bilməz. Biz gələnlərin istəyini nəzərə alsaq da, eyni zamanda onları yönləndiririk.
Əslində bizim problemlərimiz uşağın döldə böyüməsindən başlayır. Bizim xanımların çoxunda vitamin çatışmazlığı, kalsi azlığı olur. Qadınlar belə hamilə qalırsa, hamilə dönəmində profilaktikası da yoxdursa, həmin çatışmazlıqla uşaq dünya gəlir və qüsurları olur. Biz tamama qüsursuz dünyaya gəlirik demək olmaz, amma müəyyən vitaminlərlə, mikroelementlərlə korreksiya eləmiriksə, bu zaman yaddaşımızdan tutmuş sümük, əzələ, dəri deformasiyasına qədər gəlib çıxır.
- Qüsuru olmayan biri sadəcə gözəllik üçün yanınıza gəlirmi?
- İnanın, qüsuru yoxdursa yanımıza gəlmir. Bu gün bizim insanlar həkimdən qaçırlar.
- Həkim tövsiyələriniz nələrdir?
- Mən hər yerdə, sosial şəbəkələrdə maarifləndirmə işləri aparıram. İlk növbədə həkimə inam olmalıdır, yoxsa onun yanına getməyə dəyməz. Ürəyinizdə həkimə bağlantı olmasa, həkim ona kömək göstərə bilməyəcək, ürəyini qoysa belə, pasiyent ondan razı qalmayacaq.