30 Noyabr 2018 10:55
3 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bakı Dövlət Universitetinin Elmi kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Sara İbrahimova ilə müsahibəni təqdim edir:

- Sara xanım, Bakı Dövlət Universitetini bitirmisiniz?

- Bəli, təhsil aldığım illərdə kitabxanaçılıq fakültəsi yox idi, şərqşünaslıq fakültəsinin tərkibində bölmə kimi fəaliyyət göstərirdi. Şərqşünaslıq fakültəsinin biblioqrafiya, ərəb, fars, türk bölməsi vardı, filologiya, jurnalistika bölmələri də ora daxil idi.

Diplomuma da şərqşünaslıq fakültəsinin biblioqrafiya bölməsi qeyd olunub. O zaman dekanımız Yusif Şirvan idi.

- Bəs bu ixtisası necə seçdiniz, məktəb illərində biblioqrafiya ağlınıza haradan gəldi?

- Qeyd elədiyim kimi, biblioqrafiya mənim ixtisasımdı. Kitabları çox sevirdim, həmişə oxuyurdum deyə kitabxanaçılıq bölməsi diqqətimi cəlb eləmişdi. Universiteti bitirəndə diplom işi verilirdi və soruşulurdu ki, kitabxanaşünaslıq, yoxsa biblioqrafiyaşünaslıq istiqamətində mövzu götürmək istəyirsiniz? Mən biblioqrafiyaşünaslığı seçdim, hazırda da bu istiqamət üzrə dərs deyirəm.

- Kitabxanaçılıq fakültəsinin yaranmasında Abuzər Xələfovun mühüm rolu olub...

- O fakültə 1964-cü ildə yarandı və biz Abuzər Xələfovun tələbələri olduq. Abuzər müəllim 1956-cı ildə, mən isə 1961-ci ildə kitabxanaya işləməyə gəlmişdim. Kitabxanamız indikiAzərbaycan Dövlət İqtisad Universitetinin binasında idi, dərslərimiz Nizami-49 ünvanında yerləşən binada olurdu.

- Kitaba marağınız haradan yaranmışdı?

- Mənim kitaba hədsiz marağım vardı, bu səbəbdən iş üçün kitabxanaya müraciət elədim. O zaman Azərbaycan Dövlət Universitet Kommunist küçəsində yerləşirdi. Kadrlar şöbəsindən dedilər ki, mütləq rektorun qəbuluna getməlisiniz. O vaxt rektorumuz rəhmətlik Şəfaət Mehdiyev idi. Qəbul otağında Fatma adında bir xanım oturmuşdu, o, məni qəbula yazdı, sonra çağırdılar, Şəfaət müəllim sənədlərimə qol çəkdi və məni kitabxanaya işə götürdülər. Rus dili çox tələb olunurdu, mən də orta məktəbi rus bölməsində əla qiymətlərlə oxumuşdum.

- Orta təhsili Bakıda almışdınız?

- Yox, Lənkəranda 4 saylı orta məktəbdə oxumuşdum. Direktorumuz rejissor Cəmil Quliyevin babası Heybət müəllim idi. Heybət müəllimin həyat yoldaşı Sona xanım isə şəhər sovetinin sədri idi. Məktəbi bitirdim, toyum oldu, Bakıya gəldim. Sonra işlədim, oxudum.

- Amma ailəniz mane olmadı, əksinə təhsil aldınız, işlədiniz...

- Yox, mane olmadılar, anam məni ərə verəndə şərt qoydu ki, qızımı oxutduracaqsız.

- İbrahimova məşhur soyadlardandır?

- Öz soyadım deyil, qayınatamındı. Biz Bakıda qəhrəmanlar evində yaşayırdıq, Ziya Bünyadovla qonşu idik. Qayınatam İsrafil İbrahimov müharibə veteranı idi, 40 ildən çoxdur rəhmətə gedib, Fəxri Xiyabanda torpağa tapşırılıb. 1916-cı ilin partiyaçısı idi, Ömər Ağayev qayınatamla dost idi.

Bəli, mən Bakı Dövlət Universitetində həm işlədim, həm də oxudum. 1961-ci ildən bu günə kimi BDU-nun ancaq kitabxanasını tanıyıram. Başqa heç bir yerdə işləməmişəm, cəmi bir əmrim olub, indiyə qədər davam edir, Allah nə qədər qismət eləsə işləyəcəyəm...

- Siz işə düzələndə kitabxananın direktoru kim idi?

- Heç demək də istəmirəm... Erməni idi, Mirzoyan. Amma kitabları çox sevirdi, həm Azərbaycan Dövlət Universitetinin, həm də Tibb Universitetində kitabxana direktoru idi.

- Siz nə zaman direktor oldunuz?

- Kitabxanaçılıq fakültəsinin diplomunu alandan sonra bir neçə il komplekləşdirmə şöbəsinin müdiri oldum. Rəhmətlik Faiq Bağırzadə 17 il rektorum olub, 1983-cü ildə məni direktor təyin elədi. Həmin ildən direktoram. Bu kitabxanada isə 58 ildir işləyirəm.

Kitabxanamız ali məktəb kitabxanaları arasında zənginliyinə görə birinci yer tutur. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da öz kitabında qeyd edib, kitabların sayına görə ilk yeri onun rəhbərlik etdiyi kitabxana, ölkə üzrə ikinci yeri Bakı Dövlət Universitetinin kitabxanası tutur.

- AMEA kitabxanasından da ön sıradasız?

- Bəli. Bizim kitabxanamızın tarixi də qədimdir axı. 1919-cu ildə Bakı Dövlət Universiteti yarananda kitabxanamızın da əsası qoyulub. İlk rektor Vasili İvanoviç Razumovski deyib ki, gərək birinci kitabxana yaradılsın, sonra fakültələr formalaşsın.

Kitabxanamız açılanda zalda cəmi 250 kitab olub. 1 il müddətində çox əziyyət çəkib kitablar gətirdib. Ölkədə 1551-ci ilin kitabı yalnız bizdədir. Razumovski alimləri kitab almaq üçün qızıl pulla 2 pudla Rusiyaya göndərib. İstanbuldan da qızıl pulla kitab alınıb.

- Həmin kitab nədən bəhs edir?

- Troya müharibəsi zamanı Yunanıstanda baş verən hadisələrdən bəhs edir. 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan “Türklər haqqında on nəsihət” adlı kitabımız var. Bu kitabdan ölkədə cəmi 2 ədəddir, biri də Axundov adına kitabxanadadır. Kitablarımızın çeşidi çox zəngindir. AMEA alimlərinin 90 faizi bizim kitablardan istifadə edir.

- Neçə dildə kitablar var?

- Hansı dildə istəsəniz, kitablarımız var.

- Ermənicə, ivritcə?..

- Var. Məsələn, kitabxanamızdakı “Bibliya”nın bir nüsxəsini də Kremldə iclas zamanı Boris Yeltsinə hədiyyə etdilər. Kitabın üz qabığı bürüncdəndir, turşu ilə silib onu qoruyuram, işıldayır...

- Kitabxanaya oxucu gəlişi necədir? Tələbələr kitabxanaya gəlirmi?

- Əlbəttə, gəlirlər. Bəzən oxucular növbə də gözləyirlər ki, yer boşalsın, oturub kitab oxusunlar. Hazırda kitabxanamızın 3 milyon ədəbiyyatı var. Kitabxananın universitetin üç korpusunda 14 şöbəsi, 15 oxu zalı fəaliyyət göstərir. Hamısı oxucuların üzünə açıqdır. 1 ildə 15-16 min yeni ədəbiyyat alınır, 1 milyon yarımdan çox kitabımız dövriyyə edir. 18 min oxucu kartları var.

Rəhbərliyimiz elmə çox böyük diqqət edirdi. Nə desək müsbət rəy verilir, heç bir yerdə referativ jurnal alınmır, biz isə universitetin profilinə uyğun jurnallar alırıq. Bu jurnallar dünya miqyasında informativ jurnallardır və onlar üçün hər yarım ildə 51 min 760 manat pul xərclənir.

- Nadir kitablar fondunda nə qədər kitab var?

- 11 mindən artıqdır. Biz fondu axtarırıq, əgər kitabın yaşı 100-ü keçibsə, onu nadir fonda daxil edirik.

- Kənardan istənilən adam kitabxanaya üzv yazıla bilər?

- ABŞ-da kitabxanalar üzrə assosiasiya bizdən soruşmuşdu ki, kitabxananızda cəmiyyətə xidmət etmək üçün icazə varmı? Mən də dedim ki, Bakı Dövlət Universiteti öz kitab fondu ilə ali məktəblər arasında birinci yeri tutur və cəmiyyətə açığıq. İnsanlar nə qədər istəyir gəlib oxu zallarımızda oturub kitabxana fondumuzdan istifadə edə bilər. BDU-nun 22 min kontingenti kitabxanamıza üzv ola və kitabları evə apara bilərlər. Ancaq kənardan gələnlərə evə kitab verilmir, zallarımızda xidmət edirik.

- Elektron xidmətin vəziyyəti necədir?

- 3 milyon kitabın hamısı olmasa belə, 80 faizi elektron kataloqa salınıb. Kitabxanada 102 ştatımız var, cəmi 6 nəfər orta təhsillidir, qalan hamı profilinə uyğun olaraq ali təhsil alıb. Bizim universitet kitabxanaçılıq üzrə kadr hazırlayır, onlardan bəhrələnirik.

- Dünyanın əksər ölkələrində kitabxanalar elektron mətnlə xidmət edir. Sizdə vəziyyət necədir?

- Tam mətnli elektron kitabı soruşursunuzsa, çoxdur. Kitabxanaçılıq informasiya fakültəsinin dekanı Azad Qurbanov özü proqramçıdır, bununla məşğul olur, kitabxananın elektron versiyasına nəzarət edir. İnsanlar evində oturub pulsuz formada elektron kitablardan istifadə edə bilər.

Bütün nəşriyyatlar ildə hansı kitabı, elmi əsərləri nəşr edirlərsə, bizə 2 nüsxə göndərirlər.

- Abunə yazılmadan elektron kitabdan istifadə etmək olar, elə deyilmi?

- Bəli. Biz beynəlxalq EBSCO elektron nəşriyyatına abunə yazılmışıq, ildə 2 min manat ora pul köçürürük, ordan 25 min elektron kitab resursu və 9 mindən çox jurnal gəlir. Həmin materiallar pulla alındığı üçün ancaq universitetdə istifadə etmək olar. Bu nəşriyyat kənarda istifadəni qadağan edir. Amma öz saytımızda tam mətnli elektron kitabxanamızı hamı istifadə edə bilər.

- Müəllimlər, rektorlar da kitabxanaya gəliblərmi?

- Əlbəttə. Müəllimlərin ayrıca oxu zalı var, magistrlar üçün ayrı zal ayrılıb. Ən çox AMEA-nın müəllimləri bizə üz tutur. Ən fəxri oxucularımız sırasında mərhum Abbas Zamanovun adını çəkə bilərəm. O vaxt hamıya, həm Abbas Zamanova, həm Nəsir İmanquliyevə, həm də Mir Cəlal Paşayeva xidmət etmişəm.

- Son 15-20 ildə belə fikirlər səslənir ki, kitaba, mütaliəyə maraq azalıb. Sizin müşahidələriniz necədir?

- Mən öz kitabxanamızda bunu müşahidə etməmişəm. Elektron kartlara baxsanız, elə tələbə var, oxumaq üçün 18 kitab götürüb. Bədii ədəbiyyat üçün axın daha çoxdur. Prezidentin fərmanı ilə latın qrafikasında yenidən nəşr olunan bədii ədəbiyyat bizə daha çox ayrılır, bəzi kitabxanalara 20-50 nüsxə, bizə isə 150-200 nüsxə verilir.

Məsələn, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov təmənnasız olaraq müəllifi olduğu dərslikdən 300 kitabxanaya nüsxə verdi. Sabiq komitə sədri, akademik Qərib Məmmədovun hansı kitabı çıxırsa, hərəsindən 50-100 nüsxə göndərir.

Deputatlar Aydın Mirzəzadə, Siyavuş Novruzov, Nizami Cəfərov, Bəxtiyar Əliyev və başqaları da kitablarından gətirirlər. Oxucularımız deyirlər ki, heç yerdə tapılmayan kitablar BDU kitabxanasında var.

- Ümumən ölkədəki kitabxanaların vəziyyəti ilə bağlı fikriniz necədir?

- 1971-ci ildən ali məktəb kitabxanalarının metodik mərkəzi bizim kitabxana olduğuna görə yalnız bu profil haqda danışa bilərəm. İldə üç dəfə konfrans keçiririk, iki dəfə də kitabxana rəhbərlərini çağırıb hesabat istəyirik. Bütün ali məktəb kitabxanalarının illik hesabatını yığırıq, mən də oxuyub dəyərləndirirəm, illik fəaliyyət üzrə iradlarımı bildirirəm. Fikrimcə, hazırda kitabxanaların vəziyyəti yaxşıdı, kitaba maraq, kitabxanalara qayğı var.

- Dissertasiyalar oxu üçün kitabxanaya verilirmi?

- 7 mindən çox dissertasiyamız, 18 min avtoreferatımız var. Ancaq hansı müəllif dissertasiyadan istifadə üçün icazə verirsə, imza atır və təsdiqləyir, onu oxu zalında qoyuruq. Hansısa müəllif icazə vermirsə, həmin dissertasiya oxu zalına buraxılmır. Əgər kimsə prorektorun adına ərizə yazaraq sadəcə işlə tanış olmaq istədiyini bildirirsə, ona icazə verilə bilər, lakin onun surətinin çıxarılması və ya fotosunun çəkilməsi qadağandır.

- Əvvəllər kitabxanaları ədəbiyyatla təmin edən Kitab Palatası adlı qurum vardı...

- İndi yoxdur, 20 il olar ləğv edilib.

- Deyirlər, palatanın ləğvindən sonra kitab təchizatında problemlər yarandı..

- Yox, razılaşmıram, Kitab Palatasının ləğvindən 3-4 il keçməmiş Milli Kitabxanamız palatanın funksiyalarını icra etməyə başladı.

- Kitab mübadiləsi aparırsızmı?

- Bəli, Moskva Dövlət Universiteti daxil olmaqla 51 müəssisə ilə kitab mübadiləsi edirik.

- Özünüz kitab oxuyursunuz?

- Soruşun, görün, kitabsız yata bilirəmmi? Heç nə olmasa da, gərək iki səhifə kitab oxuyam, sonra gözümə yuxu gəlsin. Kitabların hamısı əlimdən keçib, oxumasam da, mütləq biblioqrafik məlumatla tanış oluram, sonra komplekləşdirmə şöbəsinə göndərirəm.

- İlk oxuduğunuz kitabı xatırlayırsınız?

- Yox, düzü, yadıma gəlmir. Mən rusca çox oxumuşam, azərbaycanca “Qış gecəsi” romanını xatırlayıram, orda belə bir cümlə vardı: “Görəsən, çağırsam, gələrmi Ceyran?”

- Salam Qədirzadənin romanı...

- Hə, oğlu da bizim universitetdə təhsil alırdı. Azərbaycanca romanlar az oxumuşdum. Ancaq sonralar Azərbaycan dilində də oxumağa başladım, Anarın bütün əsərlərini, Çingiz Abdullayevin romanlarını oxudum. Yaşım da çoxdur, axı.

- Neçədi ki?..

- 79 yaşım var. Həyatım Bakı Dövlət Universitetində keçib.

- Allah ömür versin, üzünüzdən nur yağır...

- Hacıyam da. Məkkəyə də o vaxt ulu öndərimiz Heydər Əliyev göndərmişdi. Onda rektorumuz Misir Mərdanov idi, 3 qadının adını yazmışdı, onlardan biri də mən idim. Ulu öndərimiz bizi kabinetində qəbul elədi, Kral dəvət göndərmişdi, Məkkəyə gedən alimlərdən oldum.

Məndə həm Heydər Əliyevin, həm də İlham Əliyevin imzası var. Ümummilli lider “Tərəqqi” medalı ilə təltif edib, Prezident isə əməkdar mədəniyyət işçisi adı ilə...

- Həyatdır, insan gəlir haradasa işləyir, ya onu yola salırlar, ya özü darıxıb gedir. Nə yaxşı axıra qədər qaldınız?

- Nə bilim, elə bilmişəm, ən yaxşı iş yeri Bakı Dövlət Universitetidir. Məktəb partasından bura gəlmişəm. Son zəngdən 20 gün sonra burada işə düzəldim. Ona görə BDU mənim üçün ən əziz yer olub. O qədər iş təklifi almışam, Murtuz Ələsgərov Milli Məclisin kitabxanasına dəvət elədi, razılaşmadım. BDU-nun kitabxanasını nə hansısa bir iş yerinə dəyişərəm, nə də özüm harasa gedərəm.

Mən hər kitaba canlı kimi yanaşıram, onu əlimə götürəndə sığal çəkirəm, deyirəm, sən mənim tələbələrim üçün lazımsan, nə yaxşı ki, yazılmısan, baxım səni bioloqlar, yoxsa geoloqlar oxuyacaq... Nə olsun mənimlə danışmır, əsas odur mən onunla danışıram, onu oxuyuram, mənə cavab verə bilir.

Ömrüm boyu kitablara belə yanaşmışam. Özüm çörəksiz qalaram, amma tələbələrimi kitabsız qoymaram. 58 ildə nə qədər adamlar gəlib-gedib. Artıq yaşa dolmuşam, nə zaman gələ bilməsəm, özüm çıxıb gedəcəyəm, hələ ki kitabxananı hamıdan çox istəyirəm.

- Niyə kövrəldiniz?

- Nə bilim...

- Ziya Bünyadovu necə xatırlayırsınız?

- Qonşu kimi də, alim kimi də çox yaxşı xatırlayıram.

- Həm də yerliniz idi...

- Yox, o, biz tərəfdə anadan olub, atası Astarada gömrük idarəsinin rəisi olub. Sonra köçdülər Bakıya. Əslən Bibiheybətdəndir, həyat yoldaşı Tahirə xanım qarabağlıdır. Tahirə xanım Moskvada türk dili, Ziya müəllim isə ərəb dili üzrə aspiranturada Nikolay Podqornı ilə birgə oxuyub. Elə orada tanış olub, evləniblər.

- Ziya Bünyadov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Padqornı ilə birgə oxuyub?

- Hə, həm də Tahirə xanımla, bizim Aida İmanquliyeva ilə birgə oxuyub. Mən də Aida xanımla paralel təhsil almışam. Ziya Bünyadov çox gözəl insan idi, nədən ötrü üstünə getsən, “yox” deməzdi. Qayınatam rəhmətə gedəndə baldızım Moskvada vəzifədəydi, dəfnə o gələnədək yoldaşım Ziya Bünyadovun yanına getdi, bir də gördüm evə zəng gəldi ki, dəfn üçün yer ayrılıb. Qayınatam Fəxri Xiyabanda dəfn olundu. Ziya müəllim çox əltutan adam idi.

- Məşhur məzunlardan kimləri xatırlayırsınız?

- Kitabxana-informasiya fakültəsinin tələbələri kitabxanaya təcrübəyə gəlir. Çox adam təcrübəyə gəlib. Məsələn, Zəlimxan Yaqubu xatırlayıram, o da təcrübəyə gələrdi. Allah rəhmət eləsin, vəfat etməzdən bir əvvəl gəlib cildlərini gətirmişdi, kitabxanamızı çox istəyirdi.

- Bakı Dövlət Universitetin 100 illik yubileyinə necə hazırlaşırsınız?

- Universitetdə yubileyə bütün strukturlar, eləcə də kitabxana hazırlaşır. Sərgi təşkil etməyi düşünürük. Hazırlıq görürük, ötən gün Şirməmməd Hüseynov 10 kitab göndərmişdi, özü də gəldi, hazırlığımızla bağlı danışdıq, səhhəti normaldı, zehniyaxşıdı, maşallah...


Müəllif: Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı

Oxşar xəbərlər