11 Dekabr 2018 12:13
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan da gizli yollarla Dağlıq Qarabağ məhsullarını müxtəlif ölkələrdə satışa çıxarır:

“Ötən həftə Qarabağ malları Serbiyada aşkar olundu. Belqrad hava limanındakı “Duty Free” mağazasında “Artsakh” brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsulları satılırdı. Bu məhsullar “Armenian Flavours” adlı ayrıca guşədə satışa çıxarılmışdı. Azərbaycanın Serbiyadakı səfirliyi rəsmi Belqrada müraciət edib. Bundan sonra həmin mallar satışdan çıxarılıb.

Azərbaycan başqa dövlətlərdə bu kimi hallarla mübarizə aparır. Bəs gəlin görək özümüzdə vəziyyət necədir?

Bakının bir sıra kitab mağazalarında Rusiyada nəşr olunan atlaslar satılır. Həmin atlaslarda Krım Rusiya ərazisi kimi göstərilib.

Və ya Bakının bir sıra brend supermarketlərində Rusiyada istehsal olunan dondurmalar satılır. Dondurmanın üzərində istehsalçının adı belə göstərilib: “Krım Respublikası, Rusiya”. Belə siqnallar çoxdur”.

Elxan Şahinoğlu qeyd edib ki, ya bizim bəzi biznesmenlər Rusiyadan mal gətirərkən, istehsalçıya diqqət yetirmirlər, ya da bu işlə kim(lər)sə məqsədyönlü şəkildə məşğul olur:

“Əgər ikincidirsə, bunu edənlərin məqsədi Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaqdır. Ancaq bu fəaliyyətin bizim üçün başqa zərəri də var. Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən malların satışı bizim beynəlxalq müstəvidə Qarabağ separatçılarına qarşı mübarizəmizi zəiflədir. Yəni kim(lər)sə bilərəkdən Azərbaycanda Krım malları satırsa, bununla Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına zərbə vururlar.

Əgər biz hamıdan öz ölkələrində separatçı Qarabağda istehsal olunan malların satışını qadağan etməyi tələb ediriksə və bununla mübarizə aparırıqsa, necə olur ki, özümüzdə oxşar hadisə baş verir?”

Politoloq bildirib ki, bəzi kitab dükanlarında Krımı Rusiya ərazisi kimi göstərən atlaslara, supermarketlərimizdə isə Krım istehsalı olan dondurmalara bu gün də rast gəlmək olar:

“Krım mallarının Azərbaycanda satışı barədə müvafiq instansiyalarımıza məlumat verildikdə bəziləri məsələyə ciddi yanaşır və tədbir görürlər, ancaq elələri də var ki, Krım mallarının Azərbaycanda satışına göz yumurlar, reaksiya vermirlər, sanki belə də olmalıymış.

Niyə belə etdiklərini anlamaqda çətinlik çəkirəm. Halbuki anlamalıdırlar ki, belə etməklə Azərbaycanın maraqlarına zərbə vururlar. Sabah Kiyevdə Dağlıq Qarabağa məxsus mallar satışıa çıxarılsa və etirazımız eşidilmədikdə nə edəcəyik?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər