14 Dekabr 2018 10:03
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasında Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb.

O, eyni zamanda hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

Həmçinin iclasda kollegiyanın “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılıb, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb.

Yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı da qərarlar qəbul olunub.

Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Entilex Law Group” və Sumqayıt regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul edilib.

Həmçinin başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.

İclasda vəkillər barəsində başlanılmış 39 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul olunub.

Həmçinin 2 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılan müddətədək təxirə salınıb.


Müəllif: Hacı Zeynalov