19 Dekabr 2018 13:02
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin sonuncu iclasında Mənzil Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunarkən yeni inşa edilən mənzillərdə yaşayan vətəndaşlar üçün kommunal xərclərin keyfi qaydada qiymətləndirilməsi məsələsinə toxundum. Yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində 4 kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin harada yerləşməsindən asılı olmayaraq binanın idarəçiliyini əlində saxlayan şəxslər və ya qruplar istədiyi kommunal qiyməti müəyyənləşdirir, istədiyi məbləğdə qarajlara qiymət qoyur, ödənən vəsait müqabilində keyfiyyətli xidmət də göstərmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu özbaşınalığın ən böyük zərbəsi vətəndaşlara dəyir:

“Şəhər ərazisinin hər kateqoriyası üzrə Tarif Şurası maksimum kommunal xərclərin məbləğini müəyyənləşdirməlidir ki, insanlar əvvəlcədən öz büdcələrinin imkanlarını ölçüb-biçsinlər. Qarajları elə baha edirlər ki, insanların almaq imkanı olmur və çox vaxt boş qalır. Əvəzində əksəriyyət avtomobilini binanın həyətində saxlayır və insanları hərəkəti məhdudlaşır, istirahət etmə imkanları yox edilir.

Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil. Halbuki bütün mədəni ölkələrdə mənzilin pulunu ödədinsə, artıq rəsmi sənədini verməlidirlər. On illərlə bina təhvil verilməyəcək deyə vətəndaşın adi alqı-satqı əməliyyatı etməyi mümkün olmur”.

Fazil Mustafa qeyd edib ki, mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu