Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb.
Hərbi Prokurorluqdan Teleqraf.com-a daxil olan məlumatda bildirilir:
"Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlu barədə bəzi məlumatlar yayılıb.
Bununla bağlı bildiririk ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçmişdir. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanmışdır.
17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.
Həmçinin bildiririk ki, Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilmiş,mənfi xarakterizə olunmuş və dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir".
Qeyd edək ki, 2017-ci ildə qoşunların təmas xəttini keçərək işğalçılara əsir düşən Elnur Elman oğlu Hüseynzadə 2 ildən sonra sərbəst buraxılıb. Erməni tərəfi bildirir ki, azərbaycanlı əsir hələ fevralın 2-də həbsdən azad olunub. O, Azərbaycana dönmək istəmədiyi üçün üçüncü ölkəyə təhvil verilib.
Xatırladaq ki, o, 2017-ci ildə Tərtərin Talış kəndi istiqamətində düşmən əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin “prokurorluğ”u tərəfindən hökm oxunmuşdu.