Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda silsilə seminar-treninqlər davam edir.
DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan dini tolerantlıq ənənələrinin təbliği məqsədilə Sumqayıtda keçirilən növbəti seminar-treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər.
Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqqında danışıb. Bildirib ki, qeyd olunan mövzularda müzakirələrin aparıldığı seminar-treninqlərə DQİDK tərəfindən dəstək verilməsi bu sahəyə olan diqqətin nümunəsidir.
Qeyri-ənənəvi, radikal cərəyanların zərərli təsirləri, onlara qarşı mübarizə metodlarından danışan DQİDK-nın şöbə müdiri Niyaz Yaqublu bildirib ki, son vaxtlar xüsusilə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub. Lakin DQİDK-nın istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınıb.
Bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdıran DQİDK-nın nümayəndəsi onu da əlavə edib ki, ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaq.
Digər çıxışlarda da düzgün dini maarifləndirmənin gücləndirilməsi, dini icmaların bu istiqamətdə birgə səylərinin artırılmasının vacibliyi xüsusilə qeyd olunub. Vurğulanıb ki, dünyaya örnək olan biləcək Azərbaycanın tolerantlıq modeli təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücəndirilməlidir.