25 Aprel 2019 16:11
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anar 162 saylı məktəbin intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyeva haqqında yazıb.

14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən Anarın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini ı Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bu mövqeyinə görə Anarı dəstəkləyənlər də var, ona etiraz edənlər də…

Teleqraf.com yazıçının bu yazısı haqda ədəbiyyat adamlarının fikirlərini öyrənib.

“Anar da əmindir ki…”

Yazıçı Səfər Alışarlı: “Elinanın intiharı, o cümlədən ona qədərki və ondan sonra da davam etməkdə olan intiharlar Azərbaycan cəmiyyətinin mənəvi inkişaf səviyyəsinin göstəricilərindən biridir. Bu, Elinadan, Anar və Xalidədən daha böyük məsələdir və mənim fikrimcə, Qarabağın işğalı bütün bu faciələrimizin əsasını təşkil edir.

Fikir verirsinizsə, bizdə müsbət məmur obrazı yox dərəcəsindədir. Bu, bir ölkənin faciəsidir. Anarın Xalidə Bayramovanı müdafiə etməsinə doğan ictimai neqativ ilk növbədə bu sindromdan qaynaqlanır.

Onu doğuran ikinci amil istintaqın qapalılığıdır. Ölkədə bütün istintaq versiyalarının ilkin açıqlanması sonradan bu işin “yoluna qoyulması” məcrasında aparılır.

Yəqin Anar da əmindir ki, ömrü boyu vəzifələrdə oturmuş bu gözəl xanım bir uşağın badına getməyəcək. Qalan şeylər artıq maraqlı deyil”.

“Fərqli fikrə dözümlə yanaşaq”

Yazıçı Şərif Ağayar: “Anarın bu məsələ ilə bağlı yazdığı yazıda qeyri-adi heç nə görmədim. Yazı niyə yazılıb, bunu bilmirəm, amma orda pis heç nə yazılmayıb. Deyir, adamı bu şəkildə cəzalandırmağa tələsməyək, istintaq öz sözünü desin. O da belə düşünür və məncə, haqsız deyil.

Biz bəzən ictimai qınaqla virtual linçi qarışdırırıq. Elinaya diskriminasiya edən müavin və direktor indi özü buna məruz qalır. Bu ədalətlidirmi? Demək çətindir.

Anar düşünür ki, ədalətli deyil. Fərqli fikrə dözümlə yanaşaq. Unutmayaq ki, Elinanı da fərqli olduğu üçün ölümə yolladılar.”

“Hamımız onun tortuna bulaşmışıq”

Şair Aqşin Yenisey: “Mən o qadının nə qədər günahkar, nə qədər günahsız olduğunu bilmirəm. Ancaq Anarın şəxsi münasibətləri ictimai münasibətlərdən üstün tutmasına da təəccüblənmirəm. Bu, bütün sovet ziyalılarının qanına yeridilmiş bir xislətdir.

Məni ən çox düşündürən Anarın məlum yazısından sonra cəmiyyətin qapıldığı yalançı təəssüf hissidir. Dünənə qədər Anarın həm şəxsiyyətinin, həm də yaradıcılığının başı üzərində zənci kimi yelpik yelləyənlər bu gün bir cinayət hadisəsinə münasibətdə onlarla eyni mövqeni paylaşmadığı üçün onun həm şəxsiyyətindən, həm də yaradıcılığından həmişə şübhə etdiklərini deyirlər.

Yazırlar ki, Anar 20 yanvar faciəsi baş verəndə də “aradan çıxmışdı” və biz bunu bilirdik. 20 yanvar faciəsində 200-ə yaxın azərbaycanlı öldürülüb. 200-ə yaxın vətəndaşın qətli sizin Anara olan sevginizin başından bu günə qədər bir tük əskik etməyibsə, bir qızın ölümü ilə bu sevgiyə zaval gəlməz. Özünüzü yalandan humanizm şəhidi kimi aparıb adamın qoca ömrünü təlx etməyin.

Anar Knut Hamsun kimi faşizmi dəstəkləsəydi, Mişima kimi imperatora qarşı çıxsaydı, Qoqol kimi ölkənin pullarını aparıb İtaliyanın qumarxanalarında uduzsaydı, Orxan Pamuk kimi Nobel naminə erməni soyqırımını Avropa qəzetlərinə car çəksəydi, bəlkə də, daha böyük nifrəti haqq edər və tarixin evində yuxarıda adını çəkdiyim yazıçılarla eyni rəfdə yerini tutardı.

Ancaq o, heç vaxt böyük mənada öz xalqına, cəmiyyətinə xəyanət etmədi, yazıçı kimi də, şəxsiyyət kimi də öz oxucuları ilə həmişə məişət dostluğunu qorudu, məişət səviyyəsində sevdi, məişət səviyyəsində sevildi. Onu bu günə öz cəmiyyəti qoydu. Yazıçıya da, alimə də məişət meydanında dəyər verən cəmiyyət.

Anarın məlum məsələyə yanaşması da bu məişət dostluğuna əsaslanır. O məişət dostluğuna ki, hamımız onun tortuna bulaşmışıq, kimsə yaxasını qırağa çəkməsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər