30 Aprel 2019 20:33
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə də sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olubdur. Son illərdə 3000-dən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 82-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Lənkəranda keçirilmiş respublika müşavirəsində söylədiyi nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.

Çoxcildliyin 82-ci kitabında dövlətimizin başçısının BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlərə dair materiallar, sessiyanın açılışında çıxışının mətni, İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri barədə informasiyalar yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Kitaba Prezident İlham Əliyevin Gürcüstan, Türkiyə, Koreya Respublikası, Rusiya, Fransa, Vyetnam və digər ölkələrin, ATƏT-in, NATO-nun, habelə Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Valyuta Fondunun, Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, nümayəndə heyətlərini qəbul etməsinə dair materiallar da daxil edilib.

Oxucular bu nəşrdə dövlətimizin başçısının “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans iştirakçılarına məktubu, “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqları üzrə yeni sazişin imzalanması mərasimində, Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş tədbirdə söylədiyi nitqlərin mətnləri, habelə müxtəlif dövlətlərin başçılarına məktubları ilə tanış ola bilərlər.

Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Cəlilabad, Lənkəran, Neftçala, Salyan, Qobustan, Şamaxı rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə dair informasiyalar, bölgələrdə iqtisadiyyat, nəqliyyat, sosial infrastruktur layihələrinin və məişət obyektlərinin açılışlarında etdiyi çıxışların mətnləri, Bakıda orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı barədə materiallar toplanıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 82-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər