29 May 2019 14:18
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 23:00-da Bakının “Olimpiya” futbol stadionunda Avropa Liqasının final qarşılaşması baş tutacaq. İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının qarşılaşmasında qitə miqyaslı turnirin qalibi müəyyən olunacaq.

Bəs, hansı klubun 90 dəqiqənin sonunda kuboku başı üzərində qaldırmaq şansı daha yüksəkdir?

Teleqraf.com final oyunu haqda futbol mütəxəssislərinin fikirlərini öyrənib.

“Bu, ən güclülərin döyüşüdür”

“Bakı” futbol klubunun keçmiş baş məşqçisi Novruz Əzimov: “Hər iki klubun qələbə qazanmaq şansı yüksəkdir. Bu final oyunudur, yəni ən güclülərin döyüşüdür. Buna görə də final oyunları haqda proqnoz vermək çətindir. Daha yaxşı, psixoloji və hərtərəfli hazırlıqlı olan komanda qalib gəlir, yəqin ki, “Çelsi”-“Arsenal” oyununda da, kim yaxşıdırsa, o da qalib gələcək”.

Novruz Əzimov “Arsenal”ın oyunçusu Henrix Mxitaryanın qarşılaşmada iştirak etməməsinin komandanın oyununa təsirinə də münasibət bildirib: “Adam da demək istəmirəm, mən bunun adını çəkmək istəmirəm, adını çəksəm, onun üçün reklam olardı. O, elə bir aparıcı fiqur və güclü oyunçu deyil ki, oynamsa, “Arsenal” kimi komandanın oyununa mənfi təsir etsin. Onun oynayıb-oynamamasının “Arsenal” üçün heç bir fərqi yoxdur, çünki bu klubun heyətində onunla müqayisə edilməyəcək dərəcədə kifayət qədər güclü oyunçular var”.

“Onun şarlatanlığı klubun ziyanına işləyə bilər”

Futbol mütəxəssisi Natiq Muxtarlı: “Adətən, futbol qarşılaşması haqda proqnoz vermək çox çətindir, o da ola final oyunu. Final elə bir qarşılaşmadır ki, burda oyunun nəticəsinə təsir edəcək amillər olduqca çoxdur. Komandaların fiziki, psixoloji durumu, məşqçinin heyət və taktika seçimi. Bilirsiniz, çempionat oyunlarında fərqli taktikaları sınaya bilərsiniz, hansısa qarşılaşmada futbolçuların psixoloji durumu yerində olmaya bilər və növbəti oyuna qədər bunu qaydasına salmaq mümkündür. Final oyununda isə səhv etmək məğlubiyyət deməkdir.

Bu baxımdan, Bakı finalı haqda da qəti fikir söyləmək çətindir. Demək olar ki, eyni səviyyəli komandaların qarşılaşmasını izləyəcəyik. Ancaq “Çelsi”yə nisbətən “Arsenal” təzyiq altındadır. Hər iki komanda üçün əsas məqsəd növbəti mövsüm Çempionlar Liqasında oynamaqdır. “Çelsi” artıq bu vəzifənin öhdəsindən gəlib və Bakıda meydana növbəti titulu qazanmaq üçün çıxacaq. Bu baxımdan yanaşsaq, “təqaüdçülər” olduqca rahatdırlar. Bu da onlara meydanda daha sərbəst hərəkət imkanı yaradacaq. Ancaq “Arsenal”da durum fərqlidir. “Topçular” Avropa Liqasının qalibi olmasalar, ikiqat zərbə alacaqlar, həm tituldan olacaqlar, həm də Çempionlar Liqasından kənarda qalacaqlar. Buna görə də bu qarşılaşmada üstünlüyün “Çelsi”nin tərəfində olduğunu düşünürəm”.

Natiq Muxtarlı hesab edir ki, Henrix Mxitaryanın olmamağı “Arsenal” üçün böyük itki deyil: “Çünki bu futbolçu onsuz da “topçular” üçün aparıcı oyunçu sayılmırdı. Amma Mxitaryanın peşəkarlığı siyasi şarlatanlığa qurban verməsi “Arsenal” cəbhəsində müəyyən gərginlik yaratdı. Bax, bu gərginlik də “Arsenal”ın ziyanına işləyə bilər. Üstəlik, bu qalmaqaldan sonra söz yox ki, stadiondakı azarkeşlərin də əksəriyyəti “Çelsi” tərəfdə olacaq. “Arsenal” məğlub olsa, əsas günahkar Mxitaryan hesab ediləcək. Güman edirəm ki, bu qarşılaşmada “Çelsi” qalib gələcək”.

“Şanslar bərabərdir, amma...”

Futbol şərhçisi Rövşən Binnətli: “Çoxları bu ingilis klubunun qarşılaşmasını İngiltərə Premyer Liqasındakı oyunları ilə müqayisə edirlər, amma nəzərə almaq lazımdır ki, bu, qitə miqyaslı turnirin finalıdır. Yəni, baxmayaraq ki, eyni ölkənin komandaları qarşılaşır, amma hesab edirəm ki, bu qarşılaşmada final oyununa xas xüsusiyyətlər özünü daha qabarıq göstərəcək. Komandaların şanslarını dəyərləndirməli olsaq, deyə bilərəm ki, finalda şanslar hər zaman bərabərdir. Amma hissiyyatım “Çelsi”nin bir addım öndə olduğunu deyir. Çünki bu komanda Bakıya daha soyuqqanlı və daha sabit gəlib.

“Arsenal”ın ətrafında özlərinin yaratdığı ajiotaj ki var, bu, azarkeş amilinə təsir göstərəcək. Amma bunun komanda daxilində gərginlik yaradacağını düşünmürəm. Çünki Mxitaryanın “Arsenal”ın aparıcı oyunçusu olmadığı hər kəsə bəllidir. Mxitaryan ortabab oyunçulardan biridir, yəni, onun oynamaması komandanın oyununa ciddi təsir göstərməyəcək. Bu məsələ sadəcə, psixoloji baxımdan rol oynaya bilər. Düşünürəm ki, baş verənlər azarkeşləri, xüsusən də Azərbaycandakı azarkeşləri “Arsenal” əleyhdarına çevirdi. Artıq neytral azakeşlər bu faktora görə, “Çelsi”yə azarkeşlik etməyə başlayıblar. Yəni, azarkeş baxımından da, “Çelsi” bir addım öndədir, buna görə də, bu klubun qalib olacağını düşünürəm”.

“Rəqibindən bir addım öndədir”

Azərbaycan millisinin sabiq oyunçusu Kamal Quliyev: “Komanda olaraq, oyunçularının fiziki hazırlığı və oyun keyfiyyəti baxımından, “Çelsi”nin “Arsenal”dan bir addım öndə olduğunu düşünürəm. “Çelsi”nin heyətində peşəkarların sayı daha çoxdur. Buna görə də “Arsenal”la müqayisədə “Çelsi”nin qələbəyə bir addım daha yaxşı olduğunu düşünürəm. Amma bu futboldur, hər şey ola bilər. Hər bir futbolçu öz potensialından artıq dərəcədə yararlansa, istənilən sürpriz ola bilir. Hər halda bizi Bakı finalında maraqlı oyun gözləyir, ən azı biz 90 dəqiqə əsl futbol oyunu izləyəcəyik. Amma yenə də deyirəm ki, çempion titulunu qazanmağa “Çelsi” daha yaxındır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər