Məlum olduğu kimi, mayın 14-də Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə – hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusuna həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.
Həmin konfransda hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovun Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, profesor İlham Rəhimovun rəhbərliyi ilə hazırladığı “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası ətrafında da maraqlı müzakirələr aparılıb.
Doktrinanın müəllifi professor X.Ələkbərovun Axar.az-a verdiyi məlumata görə, "Ədalət mühakiməsinin elektron tərəzisi" Rusiyada da maraqla qarşılanıb və yüksək qiymət almaqla yanaşı, dünyada analoqu olmayan unikal elmi iş kimi qəbul edilib. Bunu nəzərə alaraq Rusiya Federsiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti 15 may 2019-cu ildə “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası dövlət qeydiyyatı şəhadətnaməsi verib.
Qeyd edək ki, optimal cəza tədbirinin müəyyən edilməsinin elektron sistemi hakimə-məhkəməyə törədilmiş cinayətə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza tədbirlərindən, qanuni və əsaslı olmaqla yanaşı, cinayətin ictimai təhlükəsizlik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, habelə onun cinayətdən əvvəlki və sonrakı davranışına uyğun olan ən optimalını seçməyə kömək etmək üçün nəzərdə tutulub. Yaradılan sistem hakimi tamamilə əvəz etməsə də, ona qərar çıxarmaqda köməkçi olacaq.