8 Sentyabr 2014 19:46
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib”.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayışla bağlı danışarkən deyib.

Nazir müavini bildirib ki, partlayışla bağlı xilasetmə işləri 11 saatdır davam etdirilir: “Bu vaxta qədər dağıntılar arasından 11 nəfər - 2 kişi, 3 qadın, 6 uşaq çıxarılıb. Onlardan bir kişi və bir qadın dünyasını dəyişib. Qalanları müxtəlif dərəcəli xəsarət alıb. Hazırda bir uşağın axtarışları davam etdirilir”.

E.Mirzəyev qeyd edib ki, axtarışların xeyli vaxt aparması binanın partlayışdan sonra təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır: “Binanın dayanıqlığını müxtəlif vasitələrlə müvəqqəti saxlayırıq və xilasedicilərimiz təhlükəli şəraitdə iş aparır. Sonuncu uşaq tapılana qədər axtarış tədbirləri davam edəcək”.

Nazir müavini partlayış baş verən binanın qəzalı vəziyyətdə olduğunu bildirib: "Buna boşaldılandan sonra ekspertlər binanın vəziyyəti barədə rəy verəcək. Çox güman ki, binanın sökülməsi barədə qərar çıxarılacaq”.

E.Mirzəyev binanın partlayış baş verən blokunun hazırda istifadəyə yararsız olduğunu açıqlayıb.

Nazir müavini qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən ona verilən məlumata görə, məcburi köçkünlər burdan köçürüləcəklər.

Nazir müavini partlayışın 2-ci mərtəbədə baş verdiyini, hüquq-mühafizə orqanlarının baş verən hadisə ilə bağlı araşdırma apardıqlarını da açıqlayıb. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.


Müəllif:

Oxşar xəbərlər