“Hazırda səhhətim normaldır və müalicəmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində davam etdirirəm”.
Bunu Ukraynanın Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev deyib.
O qeyd edib ki, əvvəlki günlərə nisbətən səhhətində irəliləyiş var: “Burada 21 gün müalicə kursu keçəcəm. Onun bir həftəsi geridə qalıb. Əsasən fizioterapiya müalicəsi alıram. Buranın həkimləri deyir ki, sonrakı müddətdə vəziyyətim daha da yaxşı olacaq. Hələlik özüm-özümü tam idarə edə bilmirəm. Sol tərəfim demək olar ki, işləmir. Sadəcə ayağım bir az hərəkətlidir. Yanımda kimsə olmasa sərbəst gəzə bilmirəm”.
Z.Quliyev Ukraynada aldığı müalicədən razılıq edib: “Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ukraynada olarkən yüksək səviyyədə müalicə kursu keçdim. Amma müalicəm burada hələlik o səviyyədə deyil. Bununla əlaqədar Səhiyyə Nazirliyinə məktub ünvanlayacağıq”.
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gedən Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib. Milli Qəhrəmanın müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb. Mayın 11-də o, A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib.
Z.Quliyev mayın sonunda Azərbaycana qayıdıb və müalicəsini Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirib. Orada da 7-8 gün müalicəsini davam etdirib./report/