10 Sentyabr 2014 15:31
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 sentyabr 2014-cü ildə Şamaxının millət vəkili Elxan Süleymanov tədris ilinin başlanması ərəfəsində rayon təhsil işçiləri və ali məktəblərə daxil olmuş məzunlarla görüşü keçirib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Teleqraf.com-a xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev görüşün mahiyyəti barəsində tədbir iştirakçılarına məlumat verib.

Şamaxının millət vəkili Elxan Süleymanov rayon təhsilinin ənənələrindən danışıb, müəllimin missiyasının nə qədər böyük əhəmiyyət kəsb etməsini vurğulayıb. Millət vəkili çıxışında böyük ədiblərin yetişməsində müstəsna rol oynamış Şamaxı müəllimlərinin fəaliyyətinə yüksək qiymət verib. Elxan Süleymanovun sözlərinə görə, tezliklə AVCİYA Şamaxının millət vəkilinin qərargahı və 1905.az portalının təşkilatçılığı ilə rayonda “Şamaxı soyqırımı” mövzusunda məktəblilər arasında inşa müsabiqəsinə start verəcək. Müsabiqə qaliblərinin inşaları əsasında “1905.az studiyası” tərəfindən mini filmlər çəkiləcək.

Sonra Elxan Süleymanov cari ildə yüksək ballar toplayaraq ali məktəblərə qəbul olunmuş şamaxılı məzunlara təsis etdyi təqaüdləri, eləcə də hədiyyələri təqdim etdi. Millət vəkilinin təsis etdiyi fərdi təqaüdlərə layiq görülmüş tələbələr – Aytac İsmayılova, İlqar Eyyubov, millət vəkili tərəfindən övladının təhsil haqqı ödənilmiş Cəlal İsgəndərov, qocaman müəllim Ədalət Məmmədov millət vəkilinə minnətdarlıqlarını bildirdilər.

Gənc müəllimə Röya Qurbanova və 48 il müəllimlik stajı olan Süleyman Zərbalıyev bu görüşün əhəmiyyətindən, o cümlədən qarşıdakı təhsil ilinin əsas vəzifələrindən danışdılar. Filologiya elmləri doktoru, professor Nadir Abdullayev Şamaxı ədəbiyyatı ilə bağlı danışaraq dörd ildən bəri ardıcıl olaraq Şamaxıda millət vəkilinin təşəbbüsü ilə keçirilən M.Ə.Sabir yaradıcılığına həsr olunan Bədii Qiraət günlərinin həm böyük şairin gənc nəslə tanıdılması, həm də ədəbiyyat dərslərinin məzmununun zənginləşdirilməsi baxımından vacibliyini qeyd etdi. Sabir qiraət müsabiqəsinin qalibləri olan Ələkbər, Sənubər və İlahə böyük şairin şeirlərini söylədilər. Tədbirə yekun vuran millət vəkili Elxan Süleymanov rayon rəhbərliyinə, rayon müəllimlərinə təşəkkürünü bildirdi. Tədbirdən sonra “1905.az” səyyar qalereyasının təqdim etdiyi “Məktəb zəngi” adlı sərginin açılışı oldu. Ekspozisiyada Mirnaib Həsənoğlunun, İlqar Cəfərovun, Elnur Babayevin illər öncə lentə aldıqları fotolarla yanaşı, AzərTac-ın fotoları da nümayiş etdirilib. Bu fotolarda Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanda, məktəb yaşlı məcburi köçkünlərin vaxtilə hansı dözülməz şəraitdə təhsil almaları, həmçinin müasir Azərbaycanda məcburi köçkünlər üçün inşa edilmiş müasir məktəblərin imkanları əks olunub.

Qeyd edək ki, Şamaxı rayonunda artıq ikinci ekspozisiyası təqdim edən 1905.az portalı ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Portalda mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim olunur. 12 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, ispan, rus, Çin, alman, türk, fars, gürcü və erməni dillərində) fəaliyyət göstərən resurs AVCİYA-nın layihəsidir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər