Sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə boşluq yaratmışdı.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda çıxışı zamanı bildirib. O deyib ki, həmin dövrdə islami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi.
“Qafqazda islam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub. Lakin bu, yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var. İslam Qafqazda yayıldığı dövrdə İrəvan xanlığında (hazırki Ermənistan ərazisi) da məscidlər olub. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda islama qarşı qərəzli mövqeyi bu ərazidə islama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub. Hesablamalara görə, Ermənistanda Azərbaycan türklərinə və islama aid minlərlə mədəniyyət ocaqları dağıdılıb”.
Komitə sədri onu da vurğulayıb ki, Qafqazda yəhudiliyin, islamın, xristianlığın, zərdüştlüyün ilkin ocaqları meydana gəlib.