12 İyul 2019 12:22
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq iyul ayının 8-dən başlayaraq Azərbaycanda müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanları keçirilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbirində jurnalistlərə açıqlamasında deyib. O, bu il elektron ərizə ilə imtahan üçün müraciət edən müəllimlərin sayının 56 mindən yuxarı olduğunu söyləyib:

“Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Həmin imtahanların iyulun 24-ə kimi həyata keçirilməsi planlaşdırılır. Bu müəllimlərin işə qəbulunun birinci ən geniş və mühüm mərhələsidir. Burada orta hesabla 3200-ə yaxın müəllim imtahanlarda iştirak edir. Demək olar ki, bütün ixtisaslarla bağlı namizədlərin sayı kifayət qədər çoxdur. Bu işə paralel olaraq bütün ölkə məktəbləri üzrə vakant müəllim yerləri hazırda müəyyənləşdirilir, dəqiqləşmələr aparılır. Bu yaxınlarda vakant yerlərin sayı elan ediləcək. Düşünürük ki, ötənilki səviyyədən daha yüksək sayda vakant yerlər elan ediləcək və namizədlərin sayını, burada olan rəqabəti nəzərə alaraq bizim gözləntimiz ondan ibarətdir ki, yerlər 100 faiz tutulacaq. Çünki son illər təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq bu sahədə aparılan kompleks tədbirlər nəticəsində bir çox müsbət dinamikanı görürük və sözün əsl mənasında müəllimlik peşəsinin rəqabətli olmasının şahidiyik".

Təhsil naziri son illərdə kişilərin müəllimlik ixtisasına marağının artdığını söyləyib:

“Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan təhsil sistemində, Azərbaycan məktəblərində qadınlar üstünlük təşkil edir. Əlbəttə, görülən tədbirlərin qısa müddətdə bu fərqi aradan qaldıracağını gözləmək yəqin ki, düzgün olmazdı. Ancaq ötən illərlə müqayisədə kişilər arasında da müəllimlik peşəsinə müraciət edənlərin sayında artım dinamikasını müşahidə etdik və bunu məmnunluq hissi ilə qeyd edirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər