Teleqraf.com Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə ilə müsahibəni təqdim edir:
- Bu günlərdə bir qrup şəxs Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olundu. Mükafatlandırılma mərasimində Siz də iştirak etdiniz? Bu mükafatlandırma ilə bağlı fikirləriniz nədən ibarətdir?
- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunmaq müsbət hal, Cümhuriyyət mükafatı hamı üçün şərəfdir. Çünki Cümhuriyyət həyatımızda adi hal deyil. Azərbaycan Cümhuriyyətinin yubileyi böyük dəyərdir. Bu dövr haqda yazanlar, araşdıranlar çox olub. Təbii ki, onların hamısı mükafatlandırılmalıdır.
- 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdu. Bu çərçivədə görülən işləri necə qiymətləndirirsiniz?
- Geniş miqyasda işlər görüldü, hamısını dəqiqliklə qeyd edə bilmərəm. Amma yaxınlarım, dost-tanışlarımın etdiyi işlərdən, birbaşa iştirak etdiyim tədbirlərdən danışa bilərəm. O qədər çoxlu işlər görüldü ki... Bu işlərin çoxluğundan mükafatlandırılma da bir az yubandı. Elə yaradıcı şəxs, adi vətəndaş və ya media nümayəndəsi olmadı ki, Cümhuriyyət yolunda nəsə bir iş görməsin. Mənə elə gəlir ki, hərə öz yerində lazımi işləri gördü. Hələ görüləcək işlər də çoxdur. Yüzilliklər hələ qabaqda olacaq. Bakı Dovlət Universitetinin, dövlət təşkilatlarının yüz illik yubileyləri qeyd olunacaq.
- Sizcə, AXC ilə bağlı hansı istiqamət az araşdırılıb, qaranlıq məqamlar qalıb?
- Vallah, o barədə mən bir söz söyləyə bilmərəm, araşdırmalarla tarixçilər məşğul ola bilər. Kimsə dissertasiya yazırsa, maraqlanırsa, onlar az tədqiq olunan istiqamət barədə daha dəqiq danışa bilər.
- Yubiley medalı ilə mükafatlandırılanlardan biri də Cümhuriyyət dövrünün tədqiqatçısı, görkəmli alim Şirməmməd Hüseynov idi. Onun AXC dövrünün araşdırmaçısı kimi xidməti barədə nələri söyləmək istərdiniz?
- Şirməmməd müəllim bizim nəhəng ağsaqqalımız, fikir adamı, böyük ziyalı, alim, tarixşünas, jurnalist idi. Bütün epitetləri onun haqqında demək olar. Bir insan kimi də gözəl insan idi. Təkcə Cümhuriyyəti deyil, Azərbaycanı, dövləti, dövlətçiliyi sevən insan idi. Xüsusilə tarixə böyük önəm verirdi. Bu insanın gördüyü işlər misilsizdir. Çox böyük xidmətləri var, Allah ona qəni-qəni rəhmət eləsin. Onun kimi böyük işlər görən şəxsiyyət azdır. Var, amma onun kimi dərindən, ətraflı tədqiq edən, araşdıran şəxslər hələ ki yoxdur, yəqin ki, olacaq. Nəsiman Yaqublu, Aydın Balayev və bir çoxları Cümhuriyyət barədə yazır. Şirməmməd müəllimin isə xüsusi yeri var.
- Rəis müəllim, AXC-nin 100 illiyi ilə bağlı hansı xüsusi təklif və ya təşəbbüsünüz oldu? Xatırlayıram, filmdə çəkilmişdiniz...
- Filmi dediniz, onu xatırladım, amma ondan başqa da xeyli işlərimiz oldu. Elə gün olmadı ki, boş olum, gedim yaradıcılıqla məşğul olum. İşdə də gəlib görüşürdülər, dövlət təşkilatları, QHT-lər, ayrı-ayrı qurumlarda tədbirlərə dəvət edirdilər. Türkiyə, İsveç, Rusiya də daxil olmaqla 13 xarici ölkədə oldum. Bütün bunlar Cümhuriyyət üçün böyük dəyərdir.
- Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin evi və abidəsi ilə bağlı zaman-zaman müzakirələr açılır. Nəvəsi kimi bununla bağlı hansısa müraciətiniz olub?
- Abidə ilə bağlı məsələ qaldırılırdı, müzakirə aparılır, sonra qapanır. Rəsulzadənin abidəsinin qoyulması ilə əlaqədar belə bir göstəriş olmuşdu, yəqin ki, qoyulacaq. Zaman çərçivəsində bu işlər hamısı görüləcək.
- Hazırda yaradıcılığınızda nə yenilik var, hansı işləri görürsünüz?
- Yavaş-yavaş Cümhuriyyət tədbirlərindən sonra özümə gəlirəm, müəyyən işlər planlaşdırıram. İşlərimi canlandırmaq niyyətindəyəm, elə işlər vardı ki, görüləsi idi, tədbirlərə görə təxirə salınırdı, vaxt olmadı. İmkan dairəsində yaradıcılığa daha çox vaxt ayırmaq fikrindəyəm.
- Bəs səhhətiniz necədir?
- İstilərdə səhhətim çox pis olur. İndi də havalar istidir, çalışıram ki, sərin yerlərdə olum. Hələ ki dözürük.
- Bayaq Şirməmməd Hüseynovun yetirmələri məsələsinə toxundunuz. Sizin özünüzün necə, yetirmələriniz var?
- Mənim yetirmələrim çoxdur, onların bir çoxu fəxri adlar alıblar, artıq əməkdar rəssamdırlar, xarici ölkələrdə yaşayırlar, özlərini təsdiq ediblər. Tanınan, sayılıb-seçilən şəxslərə çevriliblər. Mən danışmasam da, onlar mütəmadi olaraq mediada və ya ayrı-ayrı qurumlarda adımı çəkirlər.