19 İyul 2019 13:55
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və möhtəşəm tədbirlər nəticəsində 2019-cu ilin birinci yarımilində də dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının davamlı yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Hərbi prokuror bildirib ki, məhz Prezident İlham Əliyevin siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və yorulmaz fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdətinin nəticəsində 2019-cu ilin birinci yarımilində ümumi daxili məhsul, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artmış, qeyri-neft sektoru daha da inkişaf edib.

Bununla yanaşı, əhalinin pul gəlirləri, əmək haqları da artıb, manatın məzənnəsi sabit olub. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar məbləğində investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edib. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq biznes mühitinin səviyyəsinə görə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Azərbaycan Respublikasında insanların rifahını mütəmadi olaraq yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olduğunu vurğulayan Hərbi prokuror “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının müstəsna əhəmiyyətindən, onun əsasında yüz minlərlə insanın kredit problemlərinin həll olunmasından bəhs edib.

Əldə olunan nailiyyətlər və qazanılan uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə də islahatların dərinləşdirilməsinə rəvac verdiyini bildirən Xanlar Vəliyev bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın mütərəqqi müddəalarından söz açıb.

Hərbi prokuror bildirib ki, ölkəmizin hərtərəfli və sürətli inkişafında xüsusi rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə, xüsusən Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti mühüm əhəmiyyət kəsb edir. Onun çoxşaxəli zəngin fəaliyyəti, eləcə də milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü önəmli işlər, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmlənməsinə və dövlətçiliyimizin sürətlə qüdrətlənməsinə töhfələr verməkdə davam edir. Mehriban xanım Əliyevanın UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanla bu beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranmasındakı misilsiz xidmətlərindən danışan Xanlar Vəliyev “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də müsbət təsir etdiyini bildirən Hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti və hərbi qulluqçuların mübarizə ruhu yüksəlmiş, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində müvəffəqiyyətlər əldə olunub. Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturları tərəfindən hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda ordu quruculuğuna mənfi təsir edə biləcək mövcud nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilib. Bütün bunların nəticəsində də ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub və qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirələr keçirilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrikliyi və əzmi hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, cari ilin birinci yarımilində də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə rəvac verib. Bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Qeyd olunub ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilsə də, bəzi hallarda prokurorluq əməkdaşları tərəfindən süründürməçiliyə və müddət pozuntularına yol verilib. Bununla bağlı qanunamüvafiq tədbirlər görülüb. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlərin görülməsi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, onlara tam və ciddi əməl edilməsi hər bir əməkdaşdan tələb olunub.

Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Qeyd edilib ki, ötən illərdə olduğu kimi bu il də Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yüksək vəzifəli işçiləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların rəhbər vəzifəli şəxsləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil ediblər. Həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, hərbi qulluqçularda nümunəvi xidmət üçün stimul yaratmaq və qulluqda fərqlənənlərin xidməti fəaliyyətlərini dəyərləndirmək məqsədilə hədiyyələr təqdim olunub.

Bildirilib ki, cari ilin birinci yarımilində Memorial Soyqırımı Muzeyinin fəaliyyəti ilə bağlı müəyyən işlər görülməklə, vətəndaşlarımızda vətənpərvərlik hisslərinin daha da artırılması, onlarda milli ruhun yüksəldilməsi, azərbaycanlıların kütləvi qırğınları barədə və düşmən tərəfindən törədilmiş cinayətlər haqqında obyektiv tarixi həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif dövlət qurumlarına və ictimai təşkilatlara məktublar göndərilmiş və muzeyi 2318 nəfər ziyarət edib. Bununla bərabər, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 25-də Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində Respublika Hərbi Prokurorluğunun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvlərinin, ictimaiyyətin və mətbuat nümayəndələrinin birgə iştirakı ilə elmi-praktiki konfrans keçirilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Əməliyyat müşavirəsində Respublika Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranov, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov, Müraciətlərə baxılması şöbəsinin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov, Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehdiyev və Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar Hərbi Prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev əməliyyat müşavirəsinə yekun vuraraq bildirib ki, Hərbi Prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək diqqəti və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasını, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini, habelə cinayətkarlığa, eləcə də digər hüquq pozuntularına qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər