"Huawei" şirkəti "Honor MagicBook Pro" adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür, displey ön panelin səthinin 90%-ni tutur və avtonom işləmə vaxtı 14 saatadək təşkil edir.
Teleqraf.com xəbər verir ki, ekranın diaqonalı 16,1 düym, təsvir ölçüsü 1920x1080 piksel təşkil edir. Displeyin tərəflər nisbəti 16:9-dur. Kənar çərçivələrin qalınlığı 4,9 mm-dən çox deyil.
"Honor MagicBook Pro" noutbuku standart versiyada "Core i5" prosessoru ilə təchiz edilib. Bir qədər bahalı versiyası "Core i7-8565U" prosessoru ilə işləyir. Hər iki versiya 8 QB əməli yaddaşa və 512 QB-lıq SSD daşıyıcısına malikdir. "Huawei" şirkəti "NVIDIA GeForce MX250" qrafik sürətləndiricisinə üstünlük verib. Şirkətin iddiasına görə, noutbuk, demək olar, səssiz işləyir.
1,7 kq ağırlığında olan "MagicBook Pro" noutbuku 14 saatadək avtonom işləyə bilir.
Sözügedən modelin satışına 29 iyulda start veriləcək. "Core i5" ilə təchiz edilmiş versiyanın qiyməti 800 dollar, "Core i7" ilə isə 900 dollar təşkil edəcək.