Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, UNICEF və digər beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, bəyanatda bunlar yer alıb: “Azərbaycan xalqı artıq uzun illərdir ki, erməni qəsbkarlarının soyqırımı siyasətinə məruz qalır.
Belə ki, 8 mart 2011-ci il tarixində doqquz yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilməsi, 2011-ci il iyul ayının 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə 1998-ci il təvəllüdlü Aygün Şahmalıyevanın faciəli ölümü erməni vəhşiliyini bir daha sübuta yetirilib. Həmçinin, 2014-cü ilin avqust ayında erməni hərbçiləri tərəfindən açılan atəşlər nəticəsində Tovuz rayonundan 5 yaşlı Nurcan Nağıyeva, 17 yaşlı Fərid Məmmədov yaralanıb, 14 yaşlı Sərxan İsmayılov əlindən və sinəsindən qəlpə yarası alıb, Gədəbəy rayonundan 15 yaşlı Şəlalə Tağıyeva ayağından güllə yarası alıb, Ağstafa rayonundan 10 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq ağır yaralanıb.
5 sentyabr 2014-cü il tarixində isə Tərtər rayonundan olan 15 yaşlı Cavid Samir oğlu Məmmədov təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Girov götürülmüş azyaşlı uşağın taleyindən dərin narahatlıq keçirərək azyaşlı Cavid Məmmədovun tezliklə azad olunmasını tələb edirik.
UNICEF və aidiyyəti beynəlxalq təşkilatları baş verənlərə laqeyd qalmamağa, Cavid Məmmədovun taleyi ilə yaxından maraqlanmalarına, Ermənistanın bu düşmənçilik hərəkətlərinə son qoymağa və girovun tezliklə geri qaytarılması istiqamətində səylərinin gücləndirilməsini istəyirik”.
İlhamə