Xocavənd rayon sakini Elvin Knyaz oğlu Quliyev başına gələn dələduzluq olayı ilə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
Elvin Quliyev həmin müraciətin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndərib.
Elvin Quliyev qeyd edib ki, bundan əvvəl dəfələrlə müraciət etməyinə baxmayaraq Şəki rayon polis şöbəsinin rəhbərliyi işinə düzgün baxmır, araşdırma aparmadan ona şablon cavablar verirlər: “Bu səbəbdən cənab nazir, Sizə müraciət etmək məcburiyyətində qalmışam. Xahiş edirəm, işimə ciddi baxılması üçün tapşırıq verəsiz”.
Elvin Quliyev müraciətində əvvəlcə başına gələnləri göstərib: “Mən “Mercedes-180” markalı avtomobili Bakı şəhərindəki 22 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamə əsasında Bakı şəhər sakini Murad Həsənovdan satın almışam.
Pula ehtiyacım olduğu üçün həmin avtomobili 2012-ci ildə Elşən Nəbiyevə satdım. Onunla avtomobilin qiymətini 6500 dollara razılaşdıq. İlkin olaraq Elşən mənə 1000 dollar verdi. Qalan 5500 dolları tezlikcə verəcəyini vəd etdi. Mən də avtomobili baş etibarnamə əsasında Elşənin sahibliyinə verdim.
Elşən Nəbiyev mənə 5500 manat borcu olması barədə öz xətti ilə iltizam yazıb verdi. Həmin vaxtdan indiyə kimi Elşən Nəbiyev mənə olan 5500 dolları qaytarmayıb. O, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir.
Elşən Nəbiyevin qanunsuz əməllərindən mülki qaydada Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim, hakim Mehman Nuriyevin sədrliyi ilə baş tutan iclasda iddia ərizəsi araşdırıldı, mənim xeyrimə qərar qəbul edildi.
Hakim sonda Elşən Nəbiyevdən 5500 ABŞ dollarının mənə verilməsi barədə qətnamə çıxardı. Qətnamə 2013-cü ilin oktyabrında icra olunması üçün Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra şöbəsinə göndərildi. Qətnamə icra məmuru Elşən Ziyəddinovun icraatına verildi.
Elşən Ziyəddinov qətnamənin icra edilməsi üçün Şəki rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə qətnamənin icrası üçün qərardad qəbul etdi. İcra sənədlərinə görə, qətnamənin 10 gün müddətinə icra etməsi barədə borcluya vaxt verilməsinə baxmayaraq, bu günə kimi heç bir tədbir görülməyib.
Sonradan sənədlər Cəlal adlı başqa bir icra məmuruna həvalə edildi, yenə heç bir tədbir görülmür.
Dəfələrlə Şəki rayon icra şöbəsinin rəisi Məzahir Məmmədova müraciət etmişəm. Həmişə eyni cavab verilib ki, borclunu tapa bilmirik. Hətta deyirlər, borclunun tapılması üçün polis orqanlarına müraciət olunub. Amma bir nəticə yoxdur.
İşimin həll edilməsini öyrənmək üçün dəfələrlə Məzahir müəllimə, həmçinin işi araşdıran icra məmuru Cəlal müəllimə müraciət etmişəm.
Bildirirlər ki, Elşən Nəbiyevi axtarışa veriblər. Onun tapılması üçün müvafiq sənəd Şəki şəhər polis şöbəsinin pasport qeydiyyat şöbəsinin rəisi Şəfiqə Məmmədovanın icraatındadır.
Şəfiqə xanım mənim işimə laqeyd yanaşır. Özü görməli olduğu işi mənim boynuma qoyur. Deyir ki, Nəbiyev Elşənin yerini bilirsənsə, bizə de, gedək, tutaq. Əgər mən bunu edə bilsəydim, daha hüquq-mühafizə orqanlarına niyə müraciət edirdim?
Cənab general, ümidim sizədir. Xahiş edərəm, bu işin daha ciddi araşdırılması üçün müvafiq göstəriş verəsiniz.
Artıq əlim hər yerdən üzülüb. Dəfələrlə işimə baxılmaması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişəm. Amma nəticəsi yoxdur.
Bildirmək istəyirəm ki, Elşən Nəbiyev ölkə ərazisindədir, mobil telefonu Azərbaycan nömrəsidir, votsapda qeydiyyatdadır, özünə də zəng çatır, həmişə votsapda onlayın olur.
Elşən Nəbiyevin üzərində başqa bir cinayət işi də var. Barəsində olan həmin cinayət işində də o, dələduzluqda təqsirləndirilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Onu tapmaq, mənə qarşı dəymiş ziyanın ödənilməsini təmin etmək çox asandır”.