Özbəkistan hökumətinin başçısı Abdulla Aripov jurnalistləri tərifləyib və mediada tənqidlərə cavab verməyən məmurları sərt şəkildə tənqid edib.
Teleqraf.com xəbər verir ki, iyulun 30-da keçirilən video-konfrans media və rəsmilərin qarşılıqlı fəaliyyətinə həsr olunub.
“Təşkilatlar medianın tənqidlərini cavablandırmalıdır, məlumat səhv olsa belə, bu barədə şərh verməlisiniz. Bir çox mətbuat xidmətləri və rəsmilər tamaşaçı kimi oturur və tənqidi materialları oxuyurlar, lakin onlara reaksiya vermirlər. Belə bir təəssürat yaranır ki, siz başqa bir dünyada yaşayırsınız”, – deyə baş nazir hiddətlənib.
O, daha sonra KİV-ləri tərifləyib:
“KİV-lər xəbərləri operativ yayımlayır. İndi tənqidi və analitik materiallar oxumaq mümkündür. İki-üç il əvvəl belə deyildi”.
Bununla yanaşı baş nazir təəssüflə bildirib ki, dövlət qurumları və media hələ də yaxşı münasibətlər qurmayıb:
“Bəzi dövlət orqanlarının rəhbərləri jurnalistlərə ikinci, hətta beşinci dərəcəli əhəmiyyət verirlər. 20 dövlət qurumunda və 150-dən çox yerli müxtəlif icraedici qurumda mətbuat xidmətləri işləmir”.
Hökumət başçısının verdiyi statistik məlumata görə, iyul ayında KİV-də 500-ə yaxın tənqidi material dərc edilib, bu materiallarda 288 jurnalist dövlət orqanlarının fəaliyyətini tənqid edib.
“Səlahiyyətli şəxslər yalnız 91 materiala, yaxud məqalələrin 18 faizinə cavab verib”, – deyən Aripov mətbuatda yayımlanan tənqidlərə cavab verməyi əmr edib.