Kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biridir. Bu sahənin inkişaf etdirilməsi 3 səbəbdən vacibdir. Belə ki, bu həm ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm ixrac yönümlü məhsulların istehsalı, həm də ölkəyə gələn valyutaların artması deməkdir. Bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizdə indiyədək bir çox proqramlar icra olunub.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ixtisasca iqtisadçı olan Azər Badamov deyib.
O qeyd edib ki, hələ 1996-cı ildə keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda torpaq islahatı həyata keçirilib:
“Bu islahat nəticəsində torpaqlar kəndlilərə verildi. Kəndlilər sərbəst şəkildə aldığı pay torpağında istədiyi məhsulu yetişdirmək imkanı əldə etdi. İcra olunan bir sıra digər proqramlar da ölkədə kənd təsərrüfatının inkişafının yeni mərhələsinə gətirib çıxarıb. Son 15 il ərzində Azərbaycanda kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu artım Azərbaycanda kənd təsərrüfatının kifayət qədər aparıcı sahəyə çevrilməsinə təkan verib. Əgər ölkə əhalisinin 48 faizinin kəndlərdə və kənd rayonlarında yaşadığına və işləyənlərin 38 faizdən çoxunun kənd təsərrüfatı sahəsində çalışdığına diqqət yetirsək, görərik ki, bu sahəni inkişaf etdirmək dövlətimiz üçün nə qədər vacibdir”.
A.Badamov əldə olunan uğurların çox böyük olduğunu vurğulayıb:
“Əgər 1993-cü illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə faizi cəmi 30 faizə qədər idisə hazırda bitki və bitki təyinatlı məhsullarla ölkəmiz özünü 100 faiz təmin edir. Bir çox meyvələr, məhsullar xaricə ixrac olunur. Bu gün Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsulları birinci yerdədir. Pambıq liderliyini qoruyub saxlayır, pambıq mahlıcı isə ikinci yerdədir. Bütün bunlar onu deməyə imkan verir ki, kənd təsərrüfatına olan xüsusi diqqət, ənənəvi sahələrin yenidən dirçəldilməsi ümumilikdə Azərbaycanın qeyri-neft sektorunun inkişafına şərait yaradıb”.
Müsahibimiz qeyd edib ki, hazırda Azərbaycanın heyvandarlıq məhsulları ilə özünü təminetmə səviyyəsi 80 faizdən çoxdur. Onun sözlərinə görə, icra olunan layihələrin, proqramların başa çatacağı dövrdə bu məhsullarla özünü təminetmə səviyyəsi 100 faizə çatacaq:
“Çünki Azərbaycanın iqlimi kənd təsərrüfatı məhsullarının hər bir növünün yetişdirilməsinə imkan yaradır. Artıq Azərbaycanda kənd təsərrüfatı yeni əsaslarla inkişaf etdirilir. Kənd təsərrüfatının aqrar sahəsində intensiv becərmə üsulları tətbiq olunur. Bu metodların tətbiq olunması müəyyən olunmuş sahədən daha çox məhsulun, daha keyfiyyətli məhsulun əldə edilməsinə şərait yaradır. Məsələn, bir çox bağçılıq təsərrüfatlarında intensiv becərmə üsullarından istifadə etmək həm əkin sahələrinin tez məhsul verməsinə, həm də hər hektardan alınan məhsulun keyfiyyət və kəmiyyət göstəricilərinin kifayət qədər artmasına şərait yaradır. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün aqroparklar, logistik mərkəzlər inşa olunur. Bu aqroparklar və logistik mərkəzlər təbii ki, müasir elmi əsaslara əsaslanaraq yaradılan sahələrdir. Dövlətimiz çalışır ki, Azərbaycanın kənd təsərrüfatı inkişaf etmiş ölkələrin kənd təsərrüfatları səviyyəsində olsun və oranın texnologiyaları əsasında qurulsun. Əldə olunan nəticələr də onu deməyə imkan verir ki, dövlətimizin yaratdığı bu şəraitdən fermerlər də yetərincə istifadə edirlər və bu sahənin inkişafına öz töhfələrini verirlər”.