16 Avqust 2019 19:42
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz arxeoloji ekspedisiyası 31 may tarixindən iyul ayının ikinci yarısınadək Azərbaycanın qərbində, Tovuz rayonundan 10 km şərqdə yerləşən Göytəpə Son Neolit dövrü yaşayış məskənində arxeoloji tədqiqat işlərini davam etdirib.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, həmçinin Göytəpə məskənində çöl-tədqiqat işləri ilə paralel olaraq Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 7 iyul tarixindən iyulun sonunadək Göytəpədən 3 km şərqdə yerləşən Kiçiktəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlar bərpa etdirilib.

Hər iki abidədə aparılan tədqiqatların əsas məqsədi — Azərbaycanda və ümumən Qafqaz regionunda neolitləşmə prosesinin başlanma və bitmə müddətində iqlim şəraitinin müəyyən edilməsi, daha öncə Yaxın Şərq regionunda başlayan neolit dövrü sosial-iqtisadi həyatının Qafqaz regionuna təsiri, məskunlaşmanı şərtləndirən amillər, mövsümi dəyişkənliklərlə bağlı köçərilik və yarım köçəriliyin mövcudluğu, insanların qida rasionun təkamülü, Azərbaycanın qərb bölgəsinin neolit cəmiyyətlərinin meydana gəlməsindəki rolu və s. kimi məsələlərə aydınlıq gətirilməsi olub.

Tədqiqatların arxeometrik aspektinin təmini üçün Fransa Milli Elmi Araşdırmalar Mərkəzindən müxtəlif elm sahələri üzrə təcrübəli mütəxəssislər – daş alətlər texnologiyası mütəxəssisi Lourens Astrük, paleobotanik Aleksia Deka, topoqraf Emanuela Brunaççi, antropoloq Modvin Polmark, arxeoloq Emmanuel Boduen dəvət edilib.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün Göytəpə Neolit dövrü abidəsinin üst hissəsində arxeoloji qazıntı işləri davam etdirilib və üst hissədən başlayaraq aşağıya doğru 3-cü tikili horizontu tamamilə qazılaraq tədqiq edilib. Nəticədə, dairəvi tikililərdən ibarət yaşayış yerləri və onların ətrafındakı həyətyanı sahələrdə istehsal fəaliyyətinin izləri dərindən öyrənilib, hər bir maddi mədəniyyət nümunəsi yerli və əcnəbi mütəxəssislər tərəfindən analiz və təhlillərə cəlb edilib.

Kiçiktəpə qədim yaşayış məskənində isə arxeoloji qazıntı işləri əvvəlki illərdə qazılmış kvadratlarda qaldığı yerdən davam etdirilib.

Hər iki abidədə arxeoloji tədqiqatların aparılması Son Neolit dövründə Yaxın Şərqlə əlaqələrin meydana çıxması və bölgədə neolitləşmə prosesini izah etməklə yanaşı, eramızdan əvvəl VI minillikdə insanların həyat tərzi və istehsal fəaliyyətləri barədə geniş təsəvvür yaratmağa imkan verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər